ING Azərbaycanda bu il üçün inflyasiya proqnozunu yenidən nəzərdən keçirib

Tarix: 21:13 14.07.2025
Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır.
Məsələ ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda inflyasiyanın 2025-ci ildə 5,3 % səviyyəsində olacağı ilə bağlı ING Group-un proqnozu bir neçə əsas səbəbə dayanır və sıravi vətəndaş üçün bu, iqtisadi rifah baxımından ciddi nəticələr doğura bilər:
“İnflyasiyanın başlıca səbəbləri xarici və daxili mənbələrə bölünə bilər. Xarici təsirlər daha güclüdür, çünki Azərbaycan iqtisadiyyatı idxaldan yüksək səviyyədə asılıdır. Ərzaq, sənaye məhsulları və istehlak mallarının böyük hissəsi xaricdən gətirilir. Dünya bazarında ərzaq və yanacaq qiymətlərindəki dalğalanmalar, xüsusilə Rusiya, Türkiyə və Çin kimi əsas ticarət tərəfdaşlarında baş verən inflyasiya Azərbaycana birbaşa ötürülür.
Bundan əlavə, dolların güclənməsi manata təzyiq yaradır və idxal məhsullarını bahalaşdırır. Daxili amillər arasında isə daxili bazarda rəqabətsizlik, istehsalın zəifliyi və dövlət tərəfindən tənzimlənən qiymətlərin gözlənilən artımı da mühüm rol oynayır. Əməkhaqqı və sosial ödənişlərdəki artım, bir tərəfdən sosial rifahı qorumağa çalışsa da, digər tərəfdən tələbi artıraraq qiymət artımını sürətləndirə bilər. Məsələn, 2024-cü ildə minimum əməkhaqqının artırılması bazarda pul kütləsini genişləndirmiş, lakin bu artım məhsul istehsalı ilə paralel getmədiyi üçün qiymət səviyyələrinə təzyiq yaratmışdır.
Azərbaycan hökumətinin inflyasiya proqnozu ING-nin proqnozundan daha aşağıdır. Hökumət təxminən 4–4,5 % arası inflyasiya gözləyir. Bu fərq daha çox proqnoz metodologiyasından və yanaşmadan qaynaqlanır. Hökumət tənzimlənən qiymətlərin sabit qalacağını əsas götürür, halbuki ING daha realist yanaşma sərgiləyərək enerji, nəqliyyat və xidmət sektorlarında mümkün qiymət artımlarını nəzərə alır. Eyni zamanda, ING Group fiskal siyasətin – yəni dövlət xərclərinin artmasının – inflyasiyaya təzyiq yaradacağını ehtimal edir. 2025-ci ilin dövlət büdcəsində sosial və infrastruktur xərclərinin 15 %-ə qədər artacağı nəzərdə tutulub ki, bu da dövriyyədəki pul miqdarını artırır və inflyasiyanı qızışdırır.
Əgər inflyasiya 5,3 % olarsa, bu, sıravi vətəndaş üçün real gəlirin azalması deməkdir. İnsanların nominal əməkhaqqı artsa da, bu artım qiymət səviyyəsini kompensasiya etmədiyi üçün alıcılıq qabiliyyəti azalacaq. Məsələn, istehlak səbəti 1 nəfər üçün 285 manatdan 308–310 manata qalxarsa, ailə büdcəsində digər istiqamətlərə ayrılan vəsait azalacaq. Bu, səhiyyə, təhsil, geyim və mənzil kirayəsinə təsir edəcək. Kirayə bazarında da qiymətlərin inflyasiya ilə uyğun artması müşahidə olunur. Məsələn, 600 manatlıq kirayə haqları 2025-ci ilin ortasında 650 manata çata bilər. Aşağı gəlirli təbəqələr isə bu yükü daha ağır hiss edəcək. Onların gəlirlərinin böyük hissəsi ərzaq və kommunal xidmətlərə yönəldiyi üçün hər 1 faizlik inflyasiya onların ümumi rifahında ciddi dəyişiklik yaradır. İndeksasiya mexanizmləri ilə bu təsiri yumşaltmaq mümkündür, lakin bu zaman da dövlət büdcəsinə əlavə yük düşür. Eyni zamanda, psixoloji təsirlər də az deyil. İnsanlar qiymətlərin artacağını düşündükdə tələbi irəli çəkirlər. Bu da süni şəkildə əlavə qiymət artımı yaradır. Bu cür gözlənti inflyasiyası hökumətin idarəetmə alətlərini zəiflədir və monetar siyasətin effektivliyini azaldır.
Beləliklə, 5,3 %-lik inflyasiya sadəcə bir statistika deyil, sıravi vətəndaşın gündəlik həyatında hiss etdiyi ərzaq, mənzil, nəqliyyat və sosial rifah səviyyəsində real azalmaya səbəb olan mühüm bir iqtisadi hadisədir".
Çimnaz Telmanqızı