"Hüquqi savadlılıq cəmiyyətin əsas inkişaf mexanizmidir”-RƏY
Bölmə: Sosial › ,Tarix: 20:05 09.12.2024
"Hüquqi savadlılığın cəmiyyətin inkişafında mühüm rol oynayır".
Bu sözləri "informator.az"a açıqlamasında hüquqşünas Mehman Muradlı söyləyib. Onun sözlərinə görə, hüquqi savadlılıq insan hüquqları və vətəndaş azadlıqlarının qorunmasında vacib amillərdən biridir:
"Hüquqi biliklərə malik olmaq, yalnız qanunların tətbiqində deyil, eyni zamanda insanların hüquqlarını qorumaq və vəzifələrini dərk etmək baxımından əhəmiyyətlidir. Hüquqi savadlılıq insanın öz hüquq və vəzifələrini bilməsi, həmçinin cəmiyyət və dövlət qarşısında məsuliyyətini dərk etməsidir. İnsan hüquqları hər bir fərdin doğulduğu andan sahib olduğu toxunulmaz, ayrılmaz hüquqlardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətlərini də ehtiva edir. Hüquq anlayışını cəmiyyətdə hər kəs tam dərk etməsə də, hüquqlar beynəlxalq və milli qanunvericilik səviyyəsində qorunur”.
Mehman Muradlı əlavə edib ki, klassik hüquq nəzəriyyəçiləri insan hüquqlarını üç əsas sinfə bölüblər:
"Əsas insan hüquqlarına şəxsi hüquqlar daxildir. Bura yaşamaq hüququ, yalnız məhkəmə tərəfindən cəza almaq hüququ, şəxsiyyətin toxunulmazlığı, hərəkət və yaşayış yeri seçmək azadlığı, mülkiyyət hüququ, vicdan və din azadlığı və digər təməl hüquqlar daxildir. Hüquqların bilinməməsi şəxsin hüquqsuz qalması anlamına gəlməməlidir. Çünki bu hüquqlar qanunvericilik tərəfindən qorunur. Hüquqi savadsızlıq cəmiyyətdə müxtəlif problemlər yaradır. Cəmiyyətin hüquqi savadsızlığı, insan və vətəndaş azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Hüquqi savadsızlıq çox vaxt cinayətkarlığın artmasına səbəb olur. Bu səbəbdən hüquqi maarifləndirmə işi gücləndirilməlidir”.
Texnologiyanın inkişafının hüququn dinamikliyinə təsir göstərdiyini vurğulayan hüquqşünas müasir dövrdə kibercinayətkarlığın artmasını xüsusi qeyd edib:
“15-20 il əvvəl heç kimin ağlına kibercinayətkarlıq gəlməzdi. Ancaq bu gün kibercinayətkarlıq ciddi problemə çevrilib. Qanunvericilikdə bununla bağlı dəyişikliklər edilib və bu, insanların pozulmuş hüquqlarının bərpasına xidmət edir. Qanunvericilikdə boşluqların olması bəzən insan hüquqlarının ciddi şəkildə pozulmasına səbəb ola bilər. Ancaq hüquq dinamikliyi sevən bir sahə olduğu üçün cəmiyyətdə baş verən dəyişikliklərə uyğun olaraq qanunvericilikdə tez-tez yeniliklər edilir. Qanunverici orqan cəmiyyətdə baş verən hadisələrə reaksiya olaraq qanunvericilikdəki boşluqları aradan qaldırmaq üçün mexanizmlər hazırlayır. Bu da hüquqi sistemin dinamikliyini təmin edir. Hüquqi maarifləndirmənin gücləndirilməsi və cəmiyyətin hüquqi savadlılığının artırılması insan hüquqlarının daha effektiv qorunmasına xidmət edəcək”.
Asiya Zeynallı