“Ukrayna öz ərazilərinin bir hissəsini güzəştə getməli olacaq”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:40 23.12.2024

“Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözləyəcəyəm”.

 

Bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp deyib. Tramp Putinin onunla tez bir zamanda görüşmək istədiyini bildirib. ABŞ-nin yeni lideri Rusiya-Ukrayna münaqişəsini dəhşətli adlandırıb və həmçinin qeyd edib ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident o olsaydı, bu baş verməzdi.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “informator.az” a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin nəticələri necə olacaq və nə ilə yekunlaşacaq indidən onu söyləmək kifayət qədər çətindir:

 

“Çünki bu yalnız iki dövlət arasında baş verən savaş deyil, bu faktiki olaraq qlobal güclərin savaşı kimi də dəyərləndirilə bilər. Çünki hər iki döyüşən tərəfin arxasında dünyanın ən güclü dövlətləri dayanıb. Donald Trampla Putinin görüşü hər iki tərəf belə bir görüşün olmasından maraqlı olduğundan ifadə edib. Putin bunu özünün mətbuat konfransında, Tramp da açıqlamasında bu məsələyə toxunub”.

 

Politoloq tərəflərin istəklərindən və tələblərindən də söz açıb:

 

“Bu günə qədər Tramp cəbhəsindən verilən açıqlamalar, o cümlədən Qərb dövlətlərinin rəsmilərinin səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, bu və ya digər şəkildə Ukrayna öz ərazilərinin bir hissəsini güzəştə getməli olacaq. Ən azı hüquqi baxımdan olmasa da, faktiki olaraq bu ərazilər Rusiyanın nəzarətindədir. Rusiyadan bu əraziləri hazırkı şəraitdə geri almaq mümkün görünmür. Tərəflərin məsələyə baxışında maksimalist tələblər var. Rusiya hesab edir ki, onun 2022-ci ildə keçirtdiyi referndumlar nəticəsində qəbul olunan qərara uyğun olaraq Ukraynanın dörd vilayəti-Donetsk, Luqansk, Zaporojye, Xerson Rusiyaya verilməlidir. Rusiyanın istəyi odur ki, bu vilayətlərdə tutduğu ərazilərdən başqa həmin vilayətlərin inzibati sərhədləri də Rusiyaya daxil edilsin. Bu tələbi Ukrayna, Qərb də qəbul etməyəcək. Ukraynanın istəyi odur ki, Rusiya qoşunlarının Ukrayna ərazilərindən tam çıxmasıdır. Rusiya isə bunu etməyəcək. Donald Tramp Putinə hazırda işğal etdiyi ərazilərdə qalmaq şərti ilə atəşkəs təklif edə bilər. Müəyyən qədər bu atəşkəsin qarşılığında Rusiya sanskiyalar yumşaldıla bilər. Çünki Donald Trampın əsas hədəfi Rusiya deyil, Çindir. Ukraynaya təklif oluna bilər ki, Qərbin təhlükəsizlik təminatı verilməklə, Rusiyanın işğalında olan torpaqlar məsələsini qaldırmadan onu geri qaytarılmasını qeyri-müəyyən müddətə saxlamaqla atəşəkəsə gedilsin. Rusiya nəzarətində buraxılacaq ərazilər, amma hüquqi baxımdan bu qəbul edilməyəcək. Atəşkəs elan olunandan sonra tərəflər arasında ayrıcı qüvvələr yerləşdirilə bilər. ABŞ belə təkliflə çıxış edə bilər. Bunu qəbul etməyən tərəfə ciddi təzyiqlər həyata keçirilə bilər. Əgər Rusiya bu təklifləri qəbul etməzsə, Amerika Ukraynaya dəstəyini ciddi şəkildə artırmaqla tətbiq olunan sanksiyaları sərtləşdirə bilər. Daha sərt, ciddi nəzarət edilən sanksiya tətbiq ola bilər ki, bu da Rusiya üçün kifayər qədər mənfi nəticələrə gətirə bilər. Ukrayna qəbul etməyəcəyi halda ona yardımlar azala bilər ki, bu da Ukrayna dövlətinin mövcudluğu üçün ciddi problemlərə səbəb ola bilər”.

 

Kəmalə Vəliyeva