Putin NATO-nu Rusiyanın "qırmızı xətləri" ilə təhrik etməkdə ittiham etdi

Bölmə: Siyasət › ,
Tarix: 20:49 19.12.2024

Rusiya Prezidenti Vladimir Putin bu il ərzində Ukraynadakı 189 yaşayış məntəqəsini ələ keçirdikləri üçün Rusiya qüvvələrini təbrik etdi. Putin müdafiə rəsmiləri ilə illik görüşündə Ukraynadakı qarşıdurmanın eskalasiyası ilə geri dönüşü olmayan bir nöqtəyə çatma ehtimalını vurğuladı.

 

 Mövzu ilə bağlı "informator.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünyadakı qütbləşmə, ölkələrarası müttəfiqliklər daha da aydın fazaya keçməyə başladı, ittifaqlar açıq fəaliyyətə keçdilər:

 

" Neytral qalmağa çalışan ölkələrə müxtəlif təzyiqlər olunur, onlara qarşı qərəzli yanaşmalar nümayiş etdirilir. Bu baxımdan müttəfiqlər Ukraynadakı müharibəyə ədalət və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı məsələsindən yox, üzv olduğu təşkilatlar və götürdüyü öhdəliklər, ümumilikdə isə şəxsi maraqları çərçivəsində baxmağa başladılar. ABŞ, Avropa İttifaqı (Aİ) və onun üzv ölkələri müharibədə Ukraynaya sarsılmaz dəstəkdə birləşib və Rusiyaya qarşı kəskin mövqe nümayiş etdirir, ciddi sanksiyalar paketi hazırlayır, tam olmasa da, müharibəni bitirməyəcək qədər Ukraynaya yardım edirlər. Ancaq Rusiya ilə müttəfiq olan bəzi ölkələr var ki - Çin və Hindistan kimi, Ukraynaya qarşı genişmiqyaslı müharibəni dəstəkləməkdən çəkinsələr də, konkret mövqe sərgiləmirlər.

 

Digər dövlətlər isə açıq şəkildə mövqe ortaya qoyur. Belə ki, 2023-cü il fevralın 23-də BMT-nin “Ukraynada müharibəyə son qoyulması və Rusiyanın ölkədən dərhal çıxarılması"nı tələb edən qətnamənin əleyhinə yalnız Rusiya, Belarus, devrilən Suriya hökuməti, Şimali Koreya, Mali, Nikaraqua və Eritreya səs vermişdi. Ona görə də, dünyadakı proseslərin şəkilləndirilməsində beynəlxalq ictimaiyyətin yanaşması mövcud reallıqları dəyişmək iqtidarında deyil".

 

Müsahibimizin sözlərinə görə, kollektiv Qərb, Ukraynadakı müharibə ilə Rusiyanın iqtisadi, hərbi cəhətdən zəifləməsini istədiyi üçün savaşın uzanmasının tərəfdarıdır:

 

" Beləliklə, Rusiyanı zəiflətdikdən sonra Ukraynanın qalib olmasını istəyən tərəflər NATO-nun genişləndirilməsinə zəmin yaradacaqlar. Təbii ki, Rusiyanın da müttəfiqləri Moskvanın məğlubiyyətinin müxtəlif regionlarda onlara da təhdid yaradacağından ehtiyat etdiyi üçün yarı-gizli şəkildə fəaliyyətlərini həyata keçirirlər. Tərəflər isə geri addım atmaq niyyətində olmadığı üçün mütləq qalibiyyətə ümid edirlər. Amma Ukraynanın timsalında bunu demək ümumiyyətlə, çətindir. Bunun üçün Rusiyanın işğal etdiyi ərazilərdən çıxması lazımdır, bu da inandırıcı deyil. Rusiyanın tutduğu torpaqların verilməməsi müqabilində əldə olunacaq razılaşma isə kollektiv Qərbin və Ukraynanın məğlubiyyəti deməkdir. Əgər belə idisə, yüz minlərlə insanın qurban verilməsi, milyardlarla vəsaitin sərf olunmasının heç bir nəticə vermədiyi görünəcək və ABŞ-ın başçılıq etdiyi Alyansın genişlənməsinin qarşısını alacaq, blokada fikir ayrılıqları artacaq".

 

Elmir Səfərov bildirib ki, əslində bu gün davam edən müharibələrin təməli Donald Trampın dövründə qoyulub:

 

" Məsələn, Rusiya-Ukrayna müharibəsinin passiv mərhələsi - CIA-nin əməliyyatları, bölgədəki digər fəaliyyətlər, həmçinin NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsinin sürətləndirilməsi də Tramp dövründə baş verib.

Eyni zamanda, ABŞ Trampın dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıdı, işğal olunan və uzun illərdir mübahisəli sayılan Colan təpələrinin İsrailə verilməsi barədə qərar qəbul edib. İstənilən halda, bütün prezidentlər ABŞ siyasi sisteminin qərarlarını yerinə yetirirlər. Ümumiyyətlə, böyük və uzunmüddətli savaşların planları razılaşdırılır, hazırlanır və icra edilir".

 

Aygün Babayeva