Müasir zəmanə və elektron kitabların artan əhəmiyyəti

Bölmə: Sosial › ,
Tarix: 19:24 24.12.2024

Rəqəmsal dövrün sürətli inkişafı kitab oxuma mədəniyyətinə təsirsiz ötüşmədi. Elektron kitablar, audiokitablar və sosial medianın təsiri ilə ənənəvi oxu vərdişləri ciddi bir dəyişiklik yaşayır.

 

Bu barədə, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, elektron kitablar müasir dövrün tələbidir və kitabların bu variantı insanlara öz əsərlərini tanıtmağa imkan verir:

 

"Hər bir dövrün özünəməxsus tələbləri, dəyərləri və prioritetləri olur. Bu, həm texnoloji, həm də estetik sahələrdə özünü göstərir. Müasir dövrün əsas tələblərindən biri isə daha az resursla daha çox iş görməkdir. Bu prinsip, biznesdən tutmuş kütləvi informasiya vasitələrinə, eləcə də, ədəbiyyat, kitab, kitabxana və nəşriyyat sisteminə qədər bir çox sahədə tətbiq olunur. Artıq hər birimizin əlində olan smartfonlar, milyonlarla kitabı əldə etmək, virtual kitabxanalara giriş imkanını təmin edən bir möcüzəyə çevrilib.

Bu texnoloji yeniliklər ədəbiyyat və mədəniyyət sahəsində də böyük dəyişikliklər yaradıb. Yazıçılar, şairlər, tənqidçilər və kulturoloqlar öz yaradıcılıqlarını sosial şəbəkələr, platformalar və internet saytları vasitəsilə geniş auditoriyaya tanıda bilirlər. Elektron kitablar, audio kitablar, səsli və görüntülü formatlar yaradıcı insanların əsərlərini reklam etməsinə, yaymasına və hətta pul qazanmasına imkan verir. Beləliklə, ədəbiyyat və sənət nümunələri yalnız estetik dəyər deyil, həm də maliyyə qazancı gətirə bilən bir sahəyə çevrilir".

 

Aydın Xan Əbilov kağız kitab və elektron kitab müqayisəsindən də danışıb:

 

"Bəzən kağız kitab və elektron kitab arasında müqayisələr aparılır. Ancaq elektron kitabın təqdim etdiyi imkanları kağız kitab təmin edə bilmir. Hər dövrün texnologiyası olduğu kimi, müasir dövrün də texnologiyası elektron kitablarla bağlıdır. Gələcəkdə isə süni intellektin inkişafı ilə informasiyanın insan beyninə birbaşa ötürülməsi kimi yeniliklər qaçılmaz olacaq.

Hazırda gənclərin oxumaq marağı artıb. Onların dünyagörüşünün genişliyi göstərir ki, yaxın gələcəkdə maraqlı bir intibah dövrü yaşaya bilərik. Lakin bu, yalnız gənclərə lazımi şərait yaradılarsa mümkün olacaq. Təəssüf ki, Azərbaycanda məktəb və universitet sistemləri əzbərçilikdən kənara çıxa bilmir. Təhsil sahəsində dəyişikliklər edilməli, mütaliəni artırmaq üçün yerli dillərdə resurslar yaradılmalıdır".

 

Müsahib elektron kitab və kitabxanaların dövrümüzün ayrılmaz hissəsi olduğunu bir daha vurğulayıb və bunun gələcəkdə daha da inkişaf edəcəyini bildirib:

 

"Elektron kitablar və rəqəmsal kitabxanalar artıq müasir dövrün ayrılmaz hissəsinə çevrilib. Ancaq Azərbaycanda bu yeniliklərə maraq kifayət qədər yüksək deyil. Məsələn, mənim rəhbərlik etdiyim Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin təsis etdiyi www.kitabxana.net portalında 15 mindən çox elektron nəşr yerləşdirilib. Xarici ölkələrdən bu platformaya böyük maraq göstərilsə də, yerli istifadəçilər arasında maraq aşağıdır.

Universitetlərin elektron kitabxanalarını zənginləşdirməsi, yerli resursların artırılması mütləqdir. Gələcəkdə elektron kitablar ənənəvi kitabları tam əvəz edə bilər. Ancaq bunun üçün mərhələli keçid lazımdır. Texnologiya durmadan irəlilədiyi üçün hər bir yeniliyə açıq olmaq və gələcəyə uyğunlaşmaq vacibdir.

Nəticə olaraq, elektron kitablara tam keçid mərhələli şəkildə başlamışdır və bu proses bir qədər zaman tələb edir. Gələcəkdə isə bu keçidin tam yekunlaşacağı və daha yeni texnologiyalarla əvəz ediləcəyi gözlənilir. Elektron kitablar müasir dövrün tələblərinə cavab versə də, gələcək texnoloji inkişaflar, xüsusilə süni intellekt sahəsindəki yeniliklər, informasiyanın daha əlçatan və innovativ yollarla ötürülməsinə imkan yaradacaq. Bu dəyişikliklərə uyğunlaşmaq və onlardan maksimum faydalanmaq hər bir cəmiyyətin prioriteti olmalıdır".

 

Nuray Qurbanlı