Ərdoğan: “İsrail işğal edilmiş əraziləri tərk etməli olacaq"

Bölmə: Siyasət › ,
Tarix: 21:50 24.12.2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin işğal etdiyi ərazilərdən çıxmaq məcburiyyətində qalacağını vurğulayıb. O, bu fikri son çıxışında regiondakı münaqişələrin davamlı həlli üçün beynəlxalq ictimaiyyətin qətiyyətli mövqe tutmasının vacibliyini qeyd edərkən səsləndirib. Ərdoğan bölgədə ədalətin təmin olunmasının və Fələstin xalqının hüquqlarının müdafiəsinin prioritet olduğunu bildirib. Onun bu bəyanatı beynəlxalq ictimaiyyətin diqqətini yenidən İsrail-Fələstin məsələsinə yönəldib.

 

Mövzu ilə bağlı "İnformator.az"-a açıqlamasında politoloq Kazım Kazımov qeyd edir ki, Türkiyə Prezidenti cənab Ərdoğan dünən bunu X (əvvəlki adı ilə Twitter) platformasından yazıb:

 

"Təbii ki, bu gün Suriyada maraqların toqquşması yaşanır. Xüsusilə biz İsrail və Türkiyənin onsuz da gərgin olan münasibətləri fonunda Suriyada vəziyyətin bir qədər də gərginləşməsini görürük. Şübhəsiz ki, cənab Ərdoğan Suriyada xalq inqilabına ilk dəstək verən liderlərdən biri olun və bu gün inqilabın zəfərindən sevinən və yeni hökumətə dəstək verən liderlərdən biridir. Xüsusilə inqilab günlərində Qolan təpələri ərazisində İsrailin fəallaşması və bir çox nöqtəni ələ keçirməsi qardaş Türkiyənin ciddi reaksiyasına səbəb oldu. Mən hesab edirəm ki, İsrailin geri çəkilməməsinin əslində Suriya yeni hökuməti və İsrail arasında danışıqların olmaması ilə əlaqəsi var. Əgər bu proses danışıqlar yolu ilə sabitləşərsə, vəziyyət daha da böyümədən həll edilə bilər.
Məsələ ondan ibarətdir ki, Suriya və İsrail arasında düşmənçilik mövqeləri mövcuddur. Həm Bəşər Əsəd dövründə, həm də bu gün yeni hökumətin İsrailə qarşı münasibəti çox sərtdir. İsrail bunu bildiyi üçün özünə yeni bufer zona qurmaq məqsədilə Qolan təpələrində bəzi yüksəklikləri ələ keçirib. Bu əgər yeni hökumətlə İsrail arasında diplomatik danışıqlar baş verərsə, bu nəticəyə gəlmək olar ki, İsrail Suriyadan hər hansı hücum olmayacağına əmin olsa, torpaqları geri vermək ehtimalı daha da artacaq. Digər tərəfdən, Suriya yeni hökuməti ilə İsrail arasında münaqişə daha da alovlanarsa, bu, bütün region üçün ciddi təhlükəyə səbəb ola bilər. Ümid edirəm ki, İsrail və Türkiyə arasında münasibətlər çox da gərginləşmədən bu məsələ öz həllini diplomatik kanallarla tapacaq".


Zəhra Məmmədova