Vüqar Zifəroğlu Famil Mehdi haqqında öz xatirələrini bölüşüb
Bölmə: Sosial › ,Tarix: 20:57 24.12.2024
Famil Mehdinin 90 illik yubileyi ərəfəsində onunla bağlı xatirələrini və fəaliyyətindən qısa və dəyərli məlumatları, Filologiya elmləri doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü -Vüqar Zifəroğlu Əliyev "informator.az"a bölüşüb.
"Famil müəllim sözün həqiqi mənasında bizim dəyərli müəllimlərimizdən olub. İstər yeni nəsil jurnalistlərin yetişməyində, istərsə də jurnalistikanın nəzəriyyəsi sahəsində Famil müəllim kifayət qədər böyük iş görüb, böyük xidmətləri olub. Məsələn, onun 90-cı illərin əvvəlində müasir jurnalistikayla bağlı, o vaxtı Azərbaycan dilində dərsliklər, dərs vəsaitləri demək olar ki, yox səviyyəsində idi və Famil müəllimin mətbuat janrları və bədii publististik janrlar kitabları bizim stolüstü kitablar idi. Famil müəllim elə bilin ki, jurnalistikanın nəzəriyyəsi ilə bağlı mətbuat janrlarını sinifləndirən və bu barədə ətraflı vəsait şəklində məlumat verən müstəqillik dövrünün ilk nəzəriyyəçilərindən olub hətta demək olar ki, birincisi olub".
Vüqar Zifəroğlu həmçinin bildirib ki, Famil Mehdi üçün Qarabağ mövzusu çox dəyərli idi:
" Eyni zamanda jurnalistikayla bağlı və bədii publisistikayla bağlı kifayət qədər elmi məqalələrin və monaqrafiyaların müəllifidir. Azərbaycan jurnalistikasında 90-cı illərin əvvəlindən başlayaraq nəzəriyyənin formalaşmasında böyük xidmətləri olan bir alimdir. Hər birimizin xatirəsində Famil müəllim çox müsbət obrazda qalıb, tələbələrin həyatına ,sözün həqiq mənasında müsbət mənada öz təsirini göstərmiş bir müəllimimiz olub və bu il 90 yaşı tamam olur. Və bu mənada onu ehtiramla yad edirik, Allah ona rəhmət eləsin deyirik və inşəallah ki, ruhu da şaddır. Çünki canından da çox sevdiyi Qarabağ artıq işğaldan azaddır. Famil müəllim hər zaman Şuşa adı gələndə daha fərqli olurdu. Qarabağı çox sevirdi və o Qarabağla yaşayırdı. Qarabağın işğalı ona çox pis təsir etmişdi. Və çox şükür ki, artıq Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımız işğaldan azad edilib və mənə elə gəlir ki, onun ruhu şaddır.
Bəlkə də onun ruhu artıq İsa bulağında da olub(o çox sevirdi İsa bulağından danışmağı), Cıdır düzündə də olub, azad Şuşaya baxıb, Ağdamını görüb və ruhu şaddır. Bir daha Allah rəhmət eləsin!".
Nigar Həsənzadə