Onlayn təhsil: ənənəvi təhsilə alternativ kimi

Bölmə: Sosial › ,
Tarix: 22:26 13.01.2025

Qlobal pandemiya dövründə onlayn təhsil dünya miqyasında tətbiq edilməyə başlandı və bu təhsil forması tədrisin dayandırılmasının qarşısını aldı. Lakin ilk təcrübələr həm təşkilati, həm də texniki baxımdan ciddi problemlərlə müşayiət olundu. Psixoloji və texniki hazırlığın kifayət etməməsi, müəllim və şagirdlərin onlayn platformalardan istifadə edə bilməməsi və şagirdlərin dərsə maraq göstərməməsi kimi məsələlər əsas problemlərdən biri idi. Buna baxmayaraq, onlayn təhsilin tətbiqi "heç nə etməməkdənsə nəsə etmək" prinsipinə söykənirdi.

 

Bu barədə təhsil eksperti Cahid İmanlı "İnformator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, rəqəmsal təhsilin əsas problemlərindən biri şagirdlərin dərsə davamiyyətinin aşağı olması və müəllimlərin onlayn platformalarla işləmək bacarığının yetərsizliyidir:

 

"Onlayn təhsilin əsas nöqsanlarından biri müəyyən alətlər panelinin, yəni hər fənn üzrə onlayn dərs modullarının yaradılmaması və ya bu proqramlarla işləməyi bacaran müəllimlərin azlığıdır. Bu problemləri aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir".

 

Mütəxəssis həmçinin problemlərin həlli yollarını da vurğulayıb:

 

"Şagirdlərin dərsə davamiyyəti mərkəzləşdirilmiş bir sistem vasitəsilə Elm və Təhsil Nazirliyinin informasiya bazasında real vaxtda izlənilməlidir. Müəllimlərdən yalnız bu sahəyə marağı və bacarığı olanlar seçilməli, onlara texniki və pedaqoji təlimlər keçirilməlidir. Bundan əlavə, hər fənn üçün maraqlı, öyrənməyi asanlaşdıran və nəticələri qiymətləndirməyə imkan verən onlayn dərs modulları hazırlanmalıdır.

Təklif edirəm ki, respublikanın müxtəlif bölgələrindən onlayn təhsil almaq istəyən şagirdlər üçün xüsusi siniflər təşkil edilsin. Bu siniflərə yenə də bu sahədə bacarığı olan müəllimlər cəlb edilməlidir. Bu, xüsusilə bağlanma zərurəti yaranan kənd məktəbləri üçün alternativ təhsil ola bilər.

Beləliklə, müasir dövrdə rəqəmsal təhsil ənənəvi təhsilə alternativ olaraq tətbiq edilə bilər və düzgün strategiyalarla həm tədrisin keyfiyyətini artırmaq, həm də fors-major vəziyyətlərə hazır olmaq mümkündür".

 

Nuray Qurbanlı