Estetik əməliyyatlar-Ölüm hallarına yol açan səbəblər
Bölmə: Sosial › ,Tarix: 21:02 22.01.2025
Azərbaycanda son illərdə estetik əməliyyatlara tələbat artıb. Lakin bu sahədə qeyri-peşəkar cərrahların fəaliyyəti, əməliyyatdan sonrakı tibbi nəzarətin zəifliyi və düzgün idarə edilməməsi tez-tez ağırlaşmalara, hətta ölümlə nəticələnən faciələrə səbəb olur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki, əsas məsələ yalnız estetik cərrahiyyə ilə məşğul olmaq hüququna malik həkimlərin müəyyənləşdirilməsidir:
“Bunun üçün akkreditasiya sistemi yaradılmalıdır. Kimlərisə məsuliyyətə cəlb etməklə məsələ həll olunmur. Akkreditasiya sistemi yaradılmalıdır ki, bu sahədə fəaliyyət göstərən həkimlər qanun çərçivəsində sertifikatlaşsınlar. Xəstə həkiminə və təbabətə güvənməlidir. Həkim də öz işində tam peşəkar olmalıdır. Ən böyük problemlərdən biri əməliyyatdan sonra xəstələrin vaxtından əvvəl evə buraxılmasıdır. Estetik əməliyyat zamanı xəstə xeyli piy itirir. Bu səbəbdən əməliyyatdan sonra maye köçürülməsi və bərpaedici tədbirlər çox vacibdir. Lakin bəzi hallarda bu proseslər həyata keçirilmir. Tromboembaliya nəticəsində bir çox xəstə həyatını itirir. Əməliyyatdan sonra xəstələrə intensiv qulluq göstərilməlidir. Təəssüf ki, bəzi xəstələr evə buraxılır və ölüm riski ilə üzləşirlər. Ev şəraitində isə nəzarət mümkün olmur və lazımi tibbi müdaxilə gecikir. Nəticədə xəstə həyatını itirə bilər”.
Professor həmçinin estetik cərrahiyyə ilə məşğul olan mütəxəssislərin hazırlıq səviyyəsinə diqqət çəkib:
“Estetik cərrahiyyə ilə məşğul olan şəxslərin ümumi cərrahlıq təcrübəsi olmalıdır. Bu təcrübə onların əməliyyatdan sonrakı mərhələni nəzərə almasına və ağırlaşmaların qarşısını almasına kömək edir. Erkən reabilitasiya tədbirləri çox vacibdir və ölüm hallarını önləyə bilər. Təəssüf ki, bu sahədə ən böyük çatışmazlıqlardan biri də məhz budur. Akkreditasiya sistemi tətbiq edilməli, hər bir ölüm hadisəsi araşdırılmalı və səbəblər dəqiq müəyyənləşdirilməlidir. Yalnız bundan sonra sistemi nizamlı şəkildə idarə etmək mümkün olar”.
Nəzrin İsmayılova