Xarici dövlətin vətəndaşlığını qəbul etmək məsələsi-Hüquqşünasdan AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 22:47 22.01.2025
“Xarici dövlətin vətəndaşlığını qəbul edən şəxs müraciəti zamanı, ərizə-anketi, Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surətini , xarici dövlətin pasportunun və ya naturalizasiya sənədinin surətini, xarici dövlətin ünvanı göstərən sənədin surətini təqdim etməlidir”.
Bu sözləri hüquqşünas Günay Abbasova “İnformator.az”a açıqlamasında bildirib.
O qeyd edib ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr Qanununun 10-cu maddəsinə əsasən öz əksini tapır:
" Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Habelə eyni qanunda göstərilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir. Xarici dövlətin vətəndaşlığını qəbul edən Azərbaycan Respublikasının vətəndaşının bu barədə Dövlət Miqrasiya Xidmətinə bir ay müddətində yazılı məlumatın verilməməsi – üç min manatdan beş min manatadək cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır”.
Nərmin Həşimova