“Bəzən çox xoşbəxt, bəzən isə çox qəmgin olmaq bu xəstəliyin simptomlarındandır“-PSİXOLOQ

Bölmə: Sosial › ,
Tarix: 23:24 22.01.2025

Şizofreniya insanın duyğu, düşüncə və davranışlarına əsaslı şəkildə təsir edir. Şizofreniya insanların gündəlik həyatlarını idarə etmələrini çətinləşdirən, sosial, iş və şəxsi münasibətlərdə problemlər yaradan xəstəlikdir. Bu xəstəlik reallıqla əlaqəni zəiflədə, şəxsin normal fəaliyyətinə ciddi təsir edə bilər.

 

Bu barədə Ahəng Psixoloji İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova “İnformator.az”a açıqlamasında bildirib ki, şizofreniya psixi pozuntudur və şizofreniya ilə bağlı düzgün diaqnoz qoyulması vacibdir:

 

“Əgər düzgün diaqnoz qoyulmasa, şizofreniyanın müalicəsi çətinləşir. Şizofreniya psixoloji yanaşma tələb edir, bəzən şizofreniya xəstələri ilə təkcə psixiatr işləyəndə istənilən nəticə əldə olunmur və araşdırmalar da onu göstərir ki, bəzən insanlarda genetik baxımdan şizofreniya xəstəliyi ola bilir. Hər hansı həyati durumlarla bağlı, qəbul edilən dərmanlarla, yaşanan travmalardan, narkotik vasitə istifadəsi səbəbi ilə şizofreniya xəstəliyi yarana bilir”.

 

Psixoloqun sözlərinə görə, qulağa müəyyən səslər gəlməsi, öz-özünə danışma, bəzən çox xoşbəxt, bəzən isə çox qəmgin olmaq bu xəstəliyin simptomlarındandır:

 

“Normalda bütün psixi pozuntuların əlamətləri bir-birinə oxşasa da, şizofreniyanı seçmək o qədər çətin deyil. Çünki bəzən qarabasmalar və sairə kimi hallar olur, bununla da şizofreniya xəstələrini aydınlaşdırmaq mümkün olur. Şizofreniya, bu xəstəliklə yaşayan insanların gündəlik həyatlarına təsir edir. Bu xəstələr bəzən olmayan şeylər eşidirlər, insanları günahlandıra bilirlər. Psixiatrik dəstək daha vacibdir, amma bəzi hallarda psixoloji dəstək də bəzən lazım olur”.

 

Nərmin Həşimova