Dini maarifləndirmə-Azərbaycan gəncliyinin gələcəyi
Bölmə: Sosial › ,Tarix: 22:13 22.01.2025
Son illərdə gənclərin dini baxışları və dini təcrübələri müxtəlif sosial və mədəni təsirlər nəticəsində dəyişməkdədir.
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, dünyamızda hazırda böyük güclərin və ideoloji mərkəzlərin maraq dairəsində olan mürəkkəb bir qarşıdurmanın şahidi oluruq:
“Dünya qəribə bir mübarizə meydanına çevrilib və bu mübarizədə əsas vasitələrdən biri insanların dini inanclarıdır. Ölkəmizdə isə gənc nəslin, yeni yetişənlərin dini dəyərlərə marağı nə dərəcədədir, bu məsələnin daha dərindən təhlilə ehtiyacı var. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunun Qarabağdakı böyük zəfəri bizi milli, dini və mənəvi dəyərlərimizə daha da yaxınlaşdırdı. Həmin hadisələrdən sonra insanlarda Allaha olan inam və dinə maraq hiss olunacaq dərəcədə artdı. Gənclərin milli qəhrəmanlarımıza, şəhidlərimizə və qazilərimizə bənzəmə arzusu, hətta övladlarına onların adlarını qoymaq meyli də bu dövrdə xüsusi bir rəng aldı. Bu, cəmiyyətimizdə dəyərlərimizin yenidən güclənməsinin bariz göstəricisidir. Ölkəmizin gənc nəsli bu dinamik və eyni zamanda fərqli münasibəti inkişaf etdirəcək. Çünki hər bir xalqın gələcəyi onun gənc nəslinin güzgüsündə əks olunur. Hamımıza məlumdur ki, media nəyi gündəmə gətirirsə, nəyi ön plana çıxarırsa, o daha çox yayılır və təsir dairəsi genişlənir. Hazırda sosial şəbəkələrdə dini mövzular kifayət qədər müzakirə olunur”.
Ağa Hacıbəyli ölkəmizdə dini mütəxəssislərin çatışmazlığının gənclər arasında dini mövzuların yanlış istiqamətlərə yönəlməsinə səbəb olduğunu bildirib:
“Əsas problem ondadır ki, bu müzakirələr peşəkar mütəxəssislər tərəfindən idarə olunmalıdır. Təəssüf ki, ölkəmizdə yüksək səviyyəli dini mütəxəssislərin çatışmazlığı hiss olunur. Bu da gənclər arasında dini mövzuların dolaşıq və yanlış istiqamətlərə yönəlməsinə səbəb olur. Bəzən insanların məzhəbçilik düşüncəsinə qapılması və təriqətçilik iddiaları ilə çıxış etməsi həqiqi din alimlərini narahat edir və onların qəlbinə toxunur. Bu problemləri aradan qaldırmaq üçün həm dini təhsil gücləndirilməli, həm də gənclərə düzgün istiqamət verilməlidir. Dövlət və özəl televiziya kanallarında müxtəlif dini verilişlər yayımlanır və bu verilişlərin cəmiyyətə təsiri böyükdür. Bununla yanaşı, son illər ölkəmizdə imamların təyin olunması prinsipləri də bu sahədə əhəmiyyətli dəstək rolunu oynayır. Artıq təyin edilən imamlar ciddi seçim prosedurlarından keçirilir, onların bilik və bacarıqları yoxlanılır, testlərdən keçirlər”.
İlahiyyatçı Ağa Hacıbəyli Azərbaycandakı gənclərin dini biliklərinin artırılması və dini dəyərlərin qorunması ilə bağlı vacib məsələlərə toxunub:
“Ölkəmizdə minlərlə məscid var və bu məscidlərin minbərlərində çıxış edən xətiblər və vaizlər eyni dəyərləri cəmiyyətə yaymaqla bu problemlərin həllinə müsbət təsir göstərirlər. Lakin bu kifayət deyil. Məktəblərlə məscidlər arasında daha sıx əlaqə qurulmalıdır. Bundan əlavə, məktəblərdə “İslam əxlaqı” adlı dərslərin tədrisi təşkil olunmalıdır. Bu addımlar gənclərin dini biliklərinin artmasına və mənəvi dəyərlərin daha da möhkəmlənməsinə böyük töhfə verə bilər.
Gənclərimiz orta məktəbdə artıq dinimizlə tanış olmalı, Qurani-Kərim haqqında daha dərin biliklər öyrənməlidirlər ki, onların müsəlman kimliyi və xarakteri vaxtında formalaşsın. Əks halda, qeyd etdiyimiz kimi, qarışıq və ziddiyyətli məlumatlar içində qalan gənclər bəzən doğru bilikləri əldə edə bilmədikləri üçün çaş-baş qalırlar.
Müasir texnologiya və sosial medianın dinə marağın artmasına və eyni zamanda dini yanlış anlamağa səbəb olmasında böyük rolu var. Biz artıq 21-ci əsrdə yaşayırıq, dünya sürətlə inkişaf edir, yeniliklər cəmiyyətləri irəli çəkir və onları yeni trendlərin arxasınca aparır. Sosial media bu mənada dinə həm müsbət, həm də mənfi təsir göstərə bilir.
Əsas məsələ texnologiyadan istifadə edən insanların niyyətləridir. Texnologiya, əslində, böyük bir rəhmət qaynağıdır. Əvvəllər məscid imamlarının səsi yalnız məscid divarları arasında eşidilirdi, amma indi onların səsi, mesajları və yazıları dünyanın hər bir küncünə çatır. Bu, müasir texnologiyanın dinə verdiyi böyük müsbət töhfələrdən biridir. Bununla belə, bu imkanlardan düzgün və məqsədyönlü şəkildə istifadə etmək əsas şərtdir.
Bu böyük mübarizədə dini dəyərləri qoruyub saxlamaq, insanları əxlaq böhranından uzaq tutmaq və xüsusilə gənc nəsli daha əxlaqlı, inanclı addımlarla cəhalət qaranlığından elmin zirvələrinə yönəltmək üçün texnologiyanın müsbət təsirləri böyükdür. Lakin mənfi təsirləri də göz ardı etməməliyik. Əsas məsələ isə odur ki, biz bu sahədə hansı addımları atırıq. Çünki bu günün gənc nəsli sabahımızın alimləri, arifləri, vaizləri, həkimləri, hakimləri və digər sahələrdəki peşəkarları olacaq.
Mən ümid edirəm ki, Azərbaycan gəncliyi öz kökünə, milli və mənəvi dəyərlərinə bağlı olacaq, sədaqətlə və vəfayla xidmət göstərəcək. Bu yolda həm sizin kimi vətənini sevən yazarlarımızın, həm də digər sahələrdə sözünü deyən, vətən deyərkən qəlbi titrəyən insanların dəstəyi ilə müsbət nəticələr əldə ediləcək”.
Xanım Ağamalıyeva