İxtisas seçimi- Gələcəyimizi formalaşdıran əhəmiyyətli addım
Bölmə: Sosial › ,Tarix: 22:28 22.01.2025
Şagirdlərin böyük bir qismi ixtisas seçimində çox zaman hansı fənn biliyinin yüksək olmasına əsaslanaraq həmin fənnə uyğun sahəyə yönəlirlər. Bəzən şagirdlərin bu cür seçim etməsi onların yanlış ixtisasa yönəlməsinə və gələcək karyerasına təsir edir.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında təhsil eksperti Elçin Murad bildirib ki, fənn biliyinə görə ixtisas seçmək yanlış fikirdir:
"İxtisas seçimi çox önəmli bir prosesdir. Seçim zamanı fənn biliyindən daha çox şagirdin ixtisasa necə yanaşması daha vacib nüansdır. Şagirdlərin sevdiyi və maraq göstərdiyi sahələrə yönəlməsi, gələcəkdə iş həyatlarında daha məmnun olmalarına səbəb olar".
Ekspertin sözlərinə görə, şagirdin seçimində valideynlərinin və müəllimlərinin dəstəyi, təcrübəsi və məsləhətləri ona doğru istiqamət verməyə kömək edə bilər:
" Amma ixtisas seçimi zamanı 90% şagirdin fikirləri üstün tutulmalı daha sonra isə digər şəxslərin fikirlərinə nəzər yetirilməlidir. Çünki bu ixtisas üzrə karyerasını quracaq olan şəxs məhz şagirdin özüdür. Şagirdlər hansı fənni daha yaxşı bilməklərinə deyil ,özlərini gələcəkdə hansı sahədə gördüklərinə diqqət yetirsələr onlar gələcək karyeralarında daha uğurlu olarlar".
Məryəm Zaliyeva