“Qarabağ ölkə reytinqi üçün qələbə qazanmalıdır”
Bölmə: İdman › ,Tarix: 16:59 23.01.2025
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində “FCSB” (Buxarest) komandasını qəbul edəcək. Rəqib növbəti mərhələyə yüksəlmək üçün xal qazanmağa çalışsa da, “Qarabağ” ölkə reytinqi uğrunda mübarizə aparacaq.
Mövzu ilə bağlı idman eksperti Elçin Cəfərov ”İnformator.az”a açıqlamasında bildirib ki, rəqibdən fərqli olaraq “Qarabağ” bütün şanslarını itirib:
“Rəqib “FCSB” komandası, bizim bildiyimiz Buxarest kollektividir. Hazırda Avropa Liqasının turnir mərhələsində, turnir cədvəlində önəmli bir pillədə qərarlaşıb və bu gün Bakıda qazanılacaq xal və ya xallar rəqibi növbəti mərhələyə daha da yaxınlaşdıracaq. Amma rəqibdən fərqli olaraq “Qarabağ” bütün şanslarını itirib. Bu qarşılaşmada qalib gəlsə də, “Qarabağ” rəqiblərinin də məğlub olmasını gözləmək məcburiyyətindədir. Buna baxmayaraq, əsas odur ki, ölkə reytinqi üçün qələbə qazanmaq mütləqdir. Buxarest sürətli əks-hücumlara çıxmağı bacaran bir komandadır. Hücumda 5-6 nəfərə qədər futbolçu ilə iştirak edə bilirlər. Onların tək problemi isə müdafiənin mərkəzindəki dəyişməz isimlərdən biri olan Oktavian Depeskonun zədəli olmasıdır. Depesko topu oyuna daxil etmədə çox önəmli işlər görür və onun hücum fazasında olmaması komanda üçün ciddi mənfi hal hesab edilə bilər.
“Qarabağ” isə Olivia Juninyonu heyətindən itirib. Unutmayaq ki, “Qarabağ” asan qol buraxmayan bir komandaya qarşı oynayacaq. Bunun üçün topa daha çox sahib olmaq vacibdir. Təxminən 60 metrlik zonada kompakt müdafiə olunan, topu oyunda sürətli əks-hücumlarla istifadə edən bir komandaya qarşı diqqətli oynamaq mütləqdir. Bütün bu amilləri nəzərə alaraq, daha çox heç-heçəyə yaxın bir qarşılaşma proqnozlaşdırmaq olar. Əgər “Qarabağ”ın növbəti mərhələ, yəni “play-off”a yüksəlmək üçün şansı olsaydı, düşünürəm ki, Juninyonun transferi təxirə salına bilərdi. Lakin hazırda rəqibin psixoloji və mental olaraq üstünlük təşkil etdiyi bir qarşılaşma kimi görünür.
Bununla belə, ölkə reytinqi üçün “Qarabağ”ın bu oyunda qalib gəlməsi vacibdir. Qurban Qurbanovun oyun planında bütün vasitələrdən istifadə edəcəyini düşünürəm. Daha sürətli oynamalı, topa daha çox sahib olmalı və müdafiə arxasına atılan toplara diqqətli yanaşmalıyıq. Eyni zamanda, rəqibin müdafiə arxasına atılan toplarda ciddi problemlər yaşadığını da nəzərə almalıyıq. Hər bir halda, “Qarabağ”a uğurlar arzu edirik”.
Qeyd edək ki, oyun bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də baş tutacaq.
Aytac Mustafayeva