Dövlət atributlarına həssas yanaşılmalıdır -Açıqlama
Bölmə: MEDİA › ,Tarix: 18:15 24.01.2015
Dövlətçilik atributlarından olan pul vahidlərinə, digər rəmzlər kimi hörmətlə yanaşılmalıdır.
Bu fkirləri İnformator.az saytına media mütəxəssisi, filologiya elmləri doktoru Nəsir Əhmədli Xəzər TV-də “Hər şey daxil” verilişinin aparıcılarının Azərbaycanın milli valyutası olan manatı cırmalarına münasibət bildirərkən deyib. Dövlət bayrağı, gerb və himn kimi milli valyutaya da ehtiram göstərilməlidir-deyən Nəsir Əhmədli bu cür halların baş verməməsini aparıcıların qeyri-peşəkar, savadsız olmaları ilə izah edib: "Bu artıq jurnalist etikasının pozulmasından da ağır bir vəziyyətdir."
Media mütəxəssisi yaxın vaxtlara kimi Azərbaycan toylarında rəqs zamanı pulu cıraraq ətrafa və ya kiminsə başına tökmə hallarının sonradan qadağan olunduğunu da xatırlatdı.
Qeyd edək ki, Publika.az saytının yazdığına görə, “Xəzər TV” rəhbərliyi efirə gedən “Hər şey daxil” verilişinin aparıcıları, əkiz bacılar Sevil və Sevincin Azərbaycan manatını cırması ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Xəzər televiziyası 2007-ci ildə “Ailənizin Xəzəri” devizi altında yayım fəaliyyətinə başlayıb. Fəaliyyətə başladığı qısa müddət ərzində böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər zaman milli-mənəvi dəyərlərin qorunması və təbliği, soy-kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir. Bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində arzuolunmaz hal baş verib. Aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində olaraq ifasını səhnələşdirmək istəyib və bu zaman qeyri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb. Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirib və bu addım qətiyyətlə pislənilib. Aparıcı Sevinc Səfərova, rejissor Sevinc Məmmədova cəzalandırılıblar. Baş verən hadisəyə görə üzr istəyirik”.