Təyyarədə daşınması qadağan olunan əşya və maddələr

Bölmə: Sosial › ,
Tarix: 20:43 10.01.2025

Təyyarədə daşınması qadağan olan əşya və maddələr, əsasən, uçuş təhlükəsizliyini təmin etmək və sərnişinlərin həyatını qorumaq üçün qadağan edilir.

 

 Bəs təyyarədə daşınması qadağan olan maddələrin siyahısı necə müəyyənləşdirilir?

 

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat Xidməti “İnformator.az”a xəbər verir ki, təyyarədə daşınması qadağan olan maddələrin siyahısı beynəlxalq və milli aviasiya təhlükəsizliyi qaydalarına əsaslanaraq müəyyən edilir:

 

“ Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA)-nın hazırladığı “Təhlükəli Yüklərin Hava ilə Daşınması üzrə Texniki Təlimatlar” bu sahədə əsas sənədlərdir. Azərbaycan Respublikasında isə “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları” bu məsələləri tənzimləyir. Bu qaydalar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi olaraq yenilənir və sərnişinlərin, ekipajın və təyyarənin təhlükəsizliyini qorumağa yönəlib".

 

 

Daşınması qadağan olunan əşyalara, litium-ion və litium-metal batareyalar aiddir :

 

"Onlar yüksək enerji sıxlığına malik olduqları üçün müəyyən şəraitdə yanğın və ya partlayış riski yarada bilərlər. Xüsusilə, zədələnmiş, düzgün qablaşdırılmamış və ya keyfiyyətsiz batareyalar təhlükə mənbəyi ola bilər. Bu səbəbdən, IATA-nın 2025-ci il üçün yenilənmiş qaydalarına əsasən, belə batareyaların daşınması ilə bağlı məhdudiyyətlər tətbiq olunur. Məsələn, bəzi litium batareyaların doldurulma səviyyəsi 30%-dən aşağı olmalıdır ki, daşınma zamanı təhlükəsizlik təmin edilsin. Hava limanında təhlükəsizlik yoxlamaları zamanı qadağan olunmuş əşya və ya maddə aşkarlandıqda, həmin əşya müsadirə edilir və sərnişinə bu barədə məlumat verilir. Əgər aşkar edilən maddə ciddi təhlükə yaradırsa və ya qanun pozuntusu təşkil edirsə, sərnişin hüquq-mühafizə orqanlarına təhvil verilə bilər. Məqsəd uçuşun və sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Sərnişinlərə uçuşdan əvvəl aviaşirkətlərin rəsmi saytlarında yerləşdirilən təhlükəli əşyalar siyahısı ilə tanış olmaları tövsiyə olunur “.

 

Nərmin Həşimova