Gənclərin psixoloji durumu iş həyatına hazırdırmı?

Bölmə: Sosial › ,
Tarix: 18:36 25.02.2025

Dövrün iş mühitində insanların, əsasən də gənclərin qarşılaşdığı çətinliklər daim aktual mövzulardan biridir. Çətinliklərin başlıca səbəbi onların psixoloji durumlarıdır. Psixoloji vəziyyət gənclərin iş həyatında böyük rol oynayır. İş mühitində olan hər gənc öz psixoloji vəziyyətini bilməli, öz üzərində çalışmalıdır.

Əmək bazarında daha çox stresslə üz-üzə qalan gənclərin psixoloji vəziyyəti stressə davamlı olmalıdır. Dəyişkən iş mühiti, xüsusən də təcrübəsiz gənclər üçün mürəkkəb ola bilər. Müxtəlif tələblər, iş kollektivi, mühit insanın ümumi psixologiyasına təsir edən faktorlardır. Bütün adı çəkilən faktorlar stressi ortaya çıxarır. Stresin düzgün idarə edilməsi və mürəkkəb situasiyalardan çıxmaq üçün gənclər psixoloji durumlarına nəzər yetirməli, çatışmayan cəhətləri formalaşdırmalı, lazım gələrsə psixoloji dəstək üçün psixoloqlara müraciət etməlidirlər. Gənclər iş həyatında stressə davamlı olmağı və digər qarşılaşacağı vəziyyətdən həll yolları tapmağı bacarmalıdır. Stresslə yanaşı, gənclər öz duyğularını idarə edə bilməli, başqasının hisslərini anlamalı və güclü iradəyə sahib olmalıdırlar. Emosiyalarını düzgün şəkildə idarə edə bilən gənc iş şəraitində çətinliklərə tab gətirir və kollektivlə yaxşı ünsiyyət qura bilir. Bununla da komanda işlərində uğur qazanmış olur. Dəyişkən iş mühitində gənclər adaptasiya bacarığına sahib olmalıdırlar. Adaptasiya yeni işə daha tez uyğunlaşmağa kömək edir. İş mühitindəki yeniliklərə çevik şəkildə öyrəşmək gənclər üçün faydalıdır. Bədən dili və jestlər də gənclərin psixoloji durumundan xəbər verən göstəricilərdəndir. Gənc nəsil jest və mimikalarla işini düzgün idarə etməli, cəmiyyətlə düzgün ünsiyyət qurmağı bacarmalıdır.
Təəssüf ki, sadalanan mənfi durumlar yeni nəsil gənclərində tez-tez rastlanan hallardır. Psixoloji vəziyyəti aşağı olan gənclər daha tez həyacanlanır, göz kontaktı qurmaqdan çəkinir, jest və mimikaları düzgün idarə edə bilmir. Hətta bəziləri iş mühitindən uzaqlaşır, özünə qapanır və zamanla depressiya mühitinə düşür. Psixoloqların fikrincə, bu hallar müasir dövrdə daha çox rast gəlinən və gənclər arasında yayılan vəziyyətdir. Belə hallara gənclərin yaşam tərzi və mühiti səbəb ola bilir. Əksər gənclərin psixoloji durumu iş mühitinə hazır deyil.
Gənclərin psixoloji durumunun yaxşılaşdırılmasında ailə və iş kollektivinin rolu böyükdür. Onlar gənclərə motivasiya verərək ruhlandırmalı, iş həyatındakı çətinliklərdə dəstək olmalıdırlar. Hər bir gənc özü də psixoloji vəziyyətindəki boşluqları aradan qaldırmalı, özünü motivasiya etməyi və çətin mühitə tab gətirməyi öyrənməlidir.

Nurcan İsmayıılova