Ermənistan yeni konstitusiya üzərində işləyir-dəyişikliklər nələri vəd edir?

Tarix: 22:06 25.02.2025
Ermənistan hakimiyyəti ölkənin əsas qanununda dəyişikliklər etməyə hazırlaşır. Ədliyyə naziri Srbui Qalyanın sözlərinə görə, yeni Konstitusiyanın hazırlanması prosesi artıq başlayıb və 2026-cı il parlament seçkilərinə qədər tamamlanmalıdır. Bu təşəbbüs Ermənistanda hüquqi və siyasi sistemin yenilənməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov qeyd edir ki, Ermənistanın qanunvericilik aktlarında kortəbii qəbul olunmuş maddələr və yanaşmalar həddən artıq çox olub:
"Bu da ondan irəli gəlir ki, vaxtilə hakimiyyətdə olan qüvvələr və ya ölkənin müqəddəratını həll edən şəxslər, partiyalar məntiq və qanun normalarından daha çox kütlənin istəklərinə üstünlük veriblər. Elə Qarabağın özü ilə bağlı da görürük ki, ötən əsrin sonlarında, Ermənistan müstəqillik qazanan anda, artıq özgə ölkənin torpaqları ilə bağlı işğal planları qurublar və qəbul etdikləri maddədə özlərinə aid olmayan ərazini Ermənistan adlandırıblar. Halbuki Qarabağ tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olub. Amma buna baxmayaraq, ermənilər istəklərini hüquqi normalardan və qanunvericilik prinsiplərindən üstün tutublar. Onların digər yanaşmaları da istər Konstitusiyada, istərsə də qanunvericilik aktlarında həm təəccüb, həm də təəssüf doğurur. Ermənilər həmişə özlərini daha üstün və öncül hesab ediblər. Lakin dünya dəyişir və artıq onlar da anlayırlar ki, yanlışlıqlara yol veriblər. Digər tərəfdən, obyektivliyə və humanizm prinsiplərinə zidd olan müddəaları qanun kimi qəbul etmək yolverilməzdir”.
Politoloqun sözlərinə görə, ermənilər hazırda bir çox ölkələrdə məskunlaşıb və böyük diasporaları var:
“ABŞ, Argentina, Braziliya, Uruqvay, Avropa və MDB ölkələrində yaşayan ermənilər Ermənistanın qanunvericiliyinə nəzər saldıqda orada ciddi problemlərin olduğunu dərk edirlər. Onlar anlayırlar ki, islahatların vaxtı gəlib çatıb və bəzi köhnəlmiş yanaşmalardan imtina etmək lazımdır. Ermənilər artıq qlobal trendlərə uyğunlaşmağa çalışırlar.
Nikol Paşinyan yeni nəslin nümayəndəsi kimi başa düşür ki, Azərbaycanın, Türkiyənin və digər ölkələrin irəli sürdüyü tələblər haqlıdır. Ermənistan nə qədər tez hüquqi baxımdan yolverilməz müddəalardan imtina etsə, bu, onların özləri üçün də faydalı olacaq. Mən hesab edirəm ki, Ermənistanın ədliyyə naziri bu məsələdə haqlıdır və yaxın zamanda ölkə daxilində yeni hüquqi əsaslar formalaşdırılacaq. Bu, həm regionda sabitliyə töhfə verəcək, həm də Ermənistanın beynəlxalq arenada qəbul olunmasına kömək edəcək”.
Zəhra Məmmədova