ƏDV İslahatı: Azərbaycanda İstehlakçıların Günü Nə Zaman Yüngülləşəcək?

Tarix: 21:25 25.02.2025
ƏDV, istehlak vergisinin bir növüdür, malların və xidmətlərin satışından alınan bir vergidir. Bu vergi məhsulun və ya xidmətin dəyərinə əlavə edilir və istehlakçı tərəfindən ödənilir. ƏDV, həmçinin istehsalçılar və satıcılar tərəfindən dövlətə ödənilən, istehlakçıların məhsul və ya xidmət üçün ödədikləri qiymətə daxil edilən bir vergidir.
Təəssüflər olsun ki, dünyada tətbiq olunan ƏDV sistemindən fərqli olaraq, ölkəmizdə ƏDV əsasən standart dərəcə ilə tətbiq olunur. Mövzu ilə bağlı Marketoloq Nicat Manafov "informator.az"a müsahibəsində bildirib ki:
"Hazırda 18 faizlik standart ƏDV çoxsaylı istehlak mallarına tətbiq edilir ki, bu da məhsul qiymətlərinin artmasına səbəb olur. Lakin, ƏDV vergi növü olaraq nə dövlətə, nə də vətəndaşa birbaşa fayda gətirən bir sistemdir. Çünki bu vergi birbaşa istehlakdan alınır və nəticə etibarilə yalnız malın qiymətini artırır, heç bir müsbət təsir yaratmır".
Ekspert vurğulayıb ki, dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan differensial ƏDV sistemi, Azərbaycanın da tətbiq etməsi üçün faydalı bir model ola bilər:
"Bu sistemə görə, məhsulların növünə və keyfiyyətinə görə fərqli ƏDV dərəcələri tətbiq edilir. Məsələn, bəzi gündəlik istifadə məhsullarına daha aşağı, 2-3 faizlik ƏDV tətbiq edilsə, daha lüks və zəruri olmayan məhsullara isə 18 faizlik ƏDV tətbiq oluna bilər. Bu yanaşma, həm istehlakçıların yükünü yüngülləşdirər, həm də insanların daha keyfiyyətli və faydalı məhsullar almasına imkan tanıyır.
Daha az vergi tətbiq olunan məhsulların sayı artarsa, cəmiyyətin ümumi rifahı da yüksələcəkdir. Eyni zamanda, bu cür vergi siyasəti, əhalinin sağlamlığını qorumaq və inkişaf etdirmək məqsədini də güdür. Məsələn, təbii qida məhsullarına, vitaminlərə və dərmanlara daha aşağı vergi tətbiq edilməsi insanları daha sağlam həyat tərzi sürməyə təşviq edə bilər".
Bu səbəbdən, Azərbaycanda ƏDV islahatları vacibdir. Yeni bir sistemin tətbiqi ölkənin iqtisadiyyatını və vətəndaşlarının rifahını daha da yaxşılaşdırar, bazardakı qiymət artımının qarşısını alar və insanların daha sağlam bir həyat sürməsinə kömək edər.
Çinarə Tarverdiyeva