Metropolitendə olan izdihamın səbəbləri və həlli yolları

Tarix: 22:56 10.03.2025
Bakı metrosundakı sıxlıq sərnişinlər üçün ciddi narahatçılıq yaratmağa başlayıb. Öncələr də metroda sıxlıq müşahidə olunurdu, ancaq bu problem son zamanlar daha da artıb. Xüsusilə, səhər və axşam saatlarında işə və dərsə gedən insanların axını səbəbindən vaqonlarda həddindən artıq izdiham yaranır. Bəzi stansiyalarda qatarı gözləyənlərin sayı o qədər çox olur ki, insanlar növbəti qatarı gözləməyə məcbur olur.
Sərnişinlər uzun gözləmələr, vaqonlarda sıxlıq və bəzi hallarda qatarların gecikməsi ilə bağlı şikayətlərini sosial şəbəkələrdə də tez-tez dilə gətirirlər. Son illərdə metroda qatarların nasazlığı və gecikməsi halları artıb. Həmçinin texniki problemlər də baş verir. Əlilliyi olan insanlar metrodan rahat istifadə edə bilmir.
Mövzuyla bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, Metropolitenlə bağlı əsas tədbirlər 2025-2030-cu illəri əhatə edən dövlət proqramında öz əksini tapıb:
“Biz bəzən qatarların gecikməsinin şahidi oluruq. Bu gün metropolitenə olan tələbat böyükdür. Əsasən də qış aylarında belə olur. Metroda ekskalatorların biri işlədikdə digərinin işləməməsi təhlükəsizliklə bağlıdır.
Sovet dövründən əlilliyi olan şəxslərin əlil arabası ilə metrodan istifadə etməsi üçün şərait olmayıb. Təəssüf ki, əlilliyi olan şəxslər üçün yetəri qədər metrodan istifadə etməsinə imkan yoxdur.
Metropolitenlə bağlı əsas tədbirlər 2025-2030-cu illəri əhatə edən dövlət proqramında öz əksini tapıb. Bu dövlət proqramı Bakı ətrafı ərazilərdə nəqliyyat infraskturunu təkmilləşdirilməsi ilə bağlı proqramdır. O proqramda qeyd olunub ki, Bakı ərazisində bir-neçə metrostansiyalar tikilsin ki, metrolarda qatar sayını artırmaq mümkün olsun”.
Fatimə Şahverdiyeva