Ukrayna atəşkəsi qəbul etməyi düşünür

Tarix: 20:13 13.03.2025
Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib. Bu barədə Səudiyyə Ərəbistanında aparılan danışıqlardan sonra Ukrayna və ABŞ-nin birgə bəyanatında deyilir.
Bəyanatda həmçinin vurğulanır ki, ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar aparacaq qrupların tərkibini müəyyənləşdirmək və dərhal sülh danışıqlarına başlamaq barədə razılığa gəliblər.
Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın özünü toparlaması üçün qurudakı əməliyyatlar dayanmalıdır:
“Lakin Ukrayna bu pauzanı Rusiyaya verməyə razı deyil. Ukraynanın atəşkəs təklifini qəbul etməsi Rusiyanı dilemma qarşısında qoyub. Çünki Rusiya Ukraynanın tezliklə razılaşacağına inanmırdı. Rusiya konkret seçim qarşısındadır. O, sülhü qəbul etməlidir. Eyni zamanda, əgər Rusiya bu atəşkəs razılaşmasından imtina edərsə, Ukraynanın haqlı olduğu ortaya çıxacaq. Bununla da ABŞ ilə aparılan danışıqlarda Rusiyanın mövqeyi zəifləyəcək. Rusiya çətin vəziyyətdədir və bu atəşkəsin imzalanmasından imtina edə bilməyəcək. Ola bilsin ki, bu kontekstdə hansısa hərbi təxribatlar törədilsin ki, danışıqlar pozulsun, ancaq Rusiyanın çətin vəziyyətdə olduğu göz qabağındadır. Bundan əlavə, qısamüddətli 30 günlük atəşkəs planı Ukraynanın hazırladığı bir strategiyadır. 30 günlük atəşkəs deyərkən, havada və dənizdə bütün bombardımanların dayandırılması nəzərdə tutulur. Yəni raketlər, dronlar və qırıcı təyyarələr vasitəsilə hücumlar dayandırılacaq. Lakin bu, yalnız dəniz sahəsinə aid olmayacaq, bütün cəbhə xətti boyunca qüvvədə olacaq. Ancaq Ukrayna qurudakı hərbi əməliyyatların davam etməsini istəyir, çünki Rusiya tükənmiş vəziyyətdədir. Həm canlı qüvvə, həm də texnika təchizatı baxımından çətinlik çəkir. Rusiyanın toparlanması üçün qurudakı əməliyyatlar dayanmalıdır, lakin Ukrayna buna razı deyil”.
Politoloqun sözlərinə görə, sülh danışıqlarına başlamağın əsas şərti Rusiyanın Ukrayna-ABŞ danışıqlarına razılıq verməsidir:
“30 günlük anlaşmaya konkret şəkildə razılıq verməlidir. Bununla da sülh danışıqları başlayacaq. ABŞ konkret sülh planı ortaya qoyacaq. Bütün məsələlər müzakirə olunacaq. İlk mərhələdə humanitar razılaşmalar ön planda olacaq. Qarşılıqlı olaraq əsirlərin qaytarılması, mülki şəxslərin, o cümlədən Ukraynadan oğurlanmış minlərlə uşağın geri qaytarılması tələb olunacaq. Son görüşlərdə isə ərazi məsələləri ilə bağlı hər hansı bir müzakirə aparılmayıb”.
Fatimə Şahverdiyeva