Hisslər yoxsa məntiq?

Bölmə: Sosial › ,
Tarix: 21:40 13.03.2025

“Əvvəlcə öz temperamentimizi bilsək, yəni məntiq yaxud hiss insanı olduğumuzu təyin edə bilsək, emosional və ya daha çox analizə söykəndiyimizi anlasaq, qərarlarımızı hansı yöndə verəcəyimizi müəyyənləşdirmək daha asan olar".

 

Bu sözləri klinik psixoloq Gülşən Rüstəmova “İnformator.az”a açıqlamasında deyib.

 

O qeyd edib ki, insan daha çox gördükləri, eşitdikləri və bildikləri əsasında hərəkət edirsə, analiz aparırsa, davranışlarının və vərdişlərinin məntiqi ardıcıllığına önəm verirsə, insanlarda da hansı xüsusiyyətin önəmli olduğunu seçirsə, hansı cəhətdən seçim edəcəyini daha aydın biləcək:

 

“Ümumilikdə isə beynimiz iki yarımkürədən ibarətdir: sağ yarımkürə və sol yarımkürə.

Burada balanslı şəkildə yola davam etmək üçün hər ikisi vacibdir. Sadəcə birinin ağırlığı və ya öncəliyi hətta 1% olsa da, bu fərq mühüm rol oynayır.

Cəmiyyət emosiyalara güvənməməyi və duyğusal yanaşmaları tərk etməyi, daha çox analizlərə güvənməyi diktə edir. Sanki məntiqi yanaşmalar bizə daha rahat gəlir. Çünki insan emosional varlıq olaraq öz duyğu selinə qapılarsa, haradan başlayıb, harada bitirəcəyini müəyyən etmək çətinləşir".

 

Müsahibimizin sözlərinə görə, əlbəttə, ətrafımız, cəmiyyət və yaşadığımız yer üçün məntiqi seçimlər etməyimiz daha mühümdür:

 

“Amma bu zaman biz özümüzə sual verərik ki, həqiqətən xoşbəxt hiss edərəmmi? Seçimlərim məni neçə balla qane etdi?

İnsan, məncə, özünə suallar versə, bu vərdişə çevriləcək: mən məntiqi seçimlər edim, yoxsa emosional seçimlər edim?

 

Amma həyatımızda müəyyən sahələr var ki, bu sahələrdə sırf məntiqi qərarlar verməyimiz şərtdir. Bu, təhsillə, mövqeyimizlə və reputasiyamızla bağlı ola bilər. Ona görə də əslində psixoloji olaraq hər ikisinin də həyatımızda var olması və balanslı şəkildə irəliləməyimiz bizim üçün qızıl qarmağı tapmağımıza kömək edəcək".

 

Nərmin Həşimova