Mətbuat Şurasının səlahiyyətləri artırılarsa, "reket jurnalistlər"lə mübarizə daha effektli olar
Bölmə: MEDİA › ,Tarix: 15:19 26.01.2015
Media-yubiley rubrikasının həmsöhbəti BDU-nun Jurnalistika fakültəsinin dosenti, filologiya elmləri namizədi Akif Rüstəmovdur.
Qısa arayış: 1939-cu ildə Ağdamda anadan olub.1964-1969-cu illərdə ADU, Jurnalistika fakültəsində təhsil alıb.1982-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Tədqiqat sahəsi “Mass medianın hədəf auditoriyası”, “KİV-in fəaliyyətində auditoriyanın rolu və yeri” mövzularıdır. “Kütləvi informasiya vasitələri IV hakimiyyət kimi”, Jurnalistika demokratik cəmiyyətdə”, “Azərbaycanın müstəqil mətbuatının təşəkkülü”, “Qadın hüquqlarının müdafiəsinda jurnalist təşəbüssləri”, “Jurnalist təşkilatları vətəndaş cəmiyyətinin atributudur” araşdırmalarının müəllifidir. “Xarici ölkələrin jurnalistikası”, “Dünya jurnalistika tarixi”, “Jurnalistikanın əsasları” kimi dərs vəsaitləri var.
Akif müəllim siz Azərbaycan jurnalistikasına nə verdiniz, eləcə də jurnalistika sizə nə verdi?
-Sualın birinci hissəsinə cavab olaraq deyim ki, bir müəllim kimi gələcək jurnalistlərin yetişməsində az da olsa mənim də xidmətim var. Birinci kursda tələbələrlə jurnalistikanın obyektivlik, qərəzsizlik, vicdanlılıq, dəyərlilik kimi prinsiplərini aşılayıram. Onlara deyirəm ki, gələcəkdə harada işləməyinizdən asılı olmayaraq, unutmayın ki, Azərbaycan dövlətçiliyini müdafiə etmək, onu qorumaq, inkişaf etdirmək hər bir vətəndaşın, xüsusilə də, kütləvi informasiya vasitələrində çalışanların müqəddəs borcudur. Bu Vətən bizimdir, onun gələcəyi də siz gənclərdən asılıdır. Sualın ikinci hissəsinə gəldikdə bildirim ki, bəxtim onda gətirib ki, taleyimi Jurnalistika fakültəsinə bağlamışam. Burada, respublikada tanınmış qələm sahibləri- Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Qulu Xəlilov, Famil Mehdi, Tofiq Rüstəmov kimi insanlarla bir yerdə işləmək mənə çox fayda verdi. Jurnalistikanın incəliklərini onlardan öyrəndim, necə deyərlər jurnalistika məktəbi keçdim. Bu gün jurnalistikamızın ağsaqqalı Şirməmməd müəllimlə beş dəqiqə söhbət etmək həm Azərbaycandan, həm də dünyadan xəbərdar olmaqdır. Jurnalistika fakültəsində işləməyimə heç də peşman deyiləm.
Azərbaycan jurnalistikasının indiki durumu sizi qane edirmi? Nöqsanları göstərərdiniz?
-Əvvəlki illərdən fərqli olaraq Azərbaycan jurnalistikası xeyli inkişaf edib. Yeni jurnalist nəsli yetişib. Onlar da ictimaiyyətin informasiya almaq hüququna xidmət etməkdə öz professional borclarını yerinə yetirirlər. Cəmiyyət qarşısında məsuliyyət dərk edən jurnalistlərimiz heç də az deyil ki, çoxdur. Bu gün jurnalistikamızın ən böyük bəlası “reket jurnalistlərdir”. Mətbuat Şurasının onlara qarşı mübarizəsi təqdirəlayiq olsa da, hələ də kökünü kəsmək mümkün olmayıb. Yaxşı olardı ki, bu mübarizədə ictimaiyyət də yaxından iştirak etsin. Bir də bəlkə Mətbuat Şurasının səlahiyyətləri artırılarsa, mübarizə daha effektli olar. Vətəndaşların şərəf və ləyaqətinin alçaldılması, reklam bazarının qıtlıgı, bəzi jurnalistlərin peşəkarlığının az olması da problem olaraq qalır.
Siz BDU-nun jurnalistika fakültəsinin dekanı olan vaxt Azərbaycanın tanınmış jurnalisti, pedoqoqu Nəsir İmanquliyevlə bağlı bir hadisə baş vermişdi. Onu niyə müdafiə etdiniz?
- Nəsir İmanquliyevlə bağlı hadisə barədə “Azərbaycan“, “525-ci qəzet”, “Kaspi” və digər mətbuat orqanları, habelə internetdə ətraflı yazı verilib. Qısaca deyim ki, keçən əsrin 90-cı illərinin əvvəlləri idi, yenicə fakültəyə dekan seçilmişdim. İclasların birində universitetin o vaxtkı rəhbərliyi mənə dedi ki, Nəsir müəllim yaşlanıb, onun təqaüdə çıxması barədə təqdimat yaz. Mən də o təqdimatı yazmadım, vəziyyət gərgin xarakter alanda dekan vəzifəsindən getməyim barədə ərizə yazdım. Rəhmətlik o vaxt mənə dedi ki, mən iki qəzetin redaktoruyam, gedə də bilərəm, sən hələ cavansan, yeni seçilmisən, münasibəti kəskinləşdirmə. Mən də razı olmadım. Axı necə razı ola bilərdim. O, mənim müəllim olub. Özünə hörmət qoyan, az-çox vicdanı olan belə hərəkət edərdi. O vaxt təqdimat yazsaydım, indi müəllim həmkarlarımın, tələbələrimin üzünə baxa bilməzdim və vicdanım məni rahat buraxmazdı.
Treninqlər, seminarlar keçmək üçün Azərbaycan jurnalistləri tez-tez xarici ölklərin nüfuzlu media qurumlarında olurlar. Azərbaycanda digər ölkələrin jurnalsitlərinə treninqlər keçmək nüfuzu nə dərəcədədir?
- İndi gör-götür dünyasıdır. Azərbaycan sürətlə inkişaf edir. Odur ki, bizdən də öyrənilməsi şeylər var. Azərbaycan dövlətinin medianın inkişafına göstərdiyi qayğı, məncə çox ölkələrdə yoxdur. Mətbuata Dövlət Dəstəyi Fondunun jurnalistikanın inkişafına köməyi göz qabagındadır.
Sizə 75 yaş vermək olmaz. Çox cavan görünürsünüz. Əsəbləriniz yerindədir ona görə?
- Çox güman ki, cavan görünməyimin sirri:
1. Evimdə dedi-qodunun olmaması;
2. Mehriban kollektivdə işləməyim;
3. Gördüyüm işdən zövq almağım;
4. Kiməsə yaxşılığım dəyəndə özümü bir az rahat hiss etməyim;
5. Tələbələrimdən isti münasibət görməyim;
6. Paxıl olmamağım;
7. Kinli olmamağım.