Manatın cırılmasına görə cinayət məsuliyyəti yoxdur
Bölmə: MEDİA › ,Tarix: 17:28 26.01.2015
“Azərbaycan Respublikasının qanunuda pulla baglı elə bir bölmə yoxdur ki, o təhqir hesab olunsun”.
Bu fikri İnformator saytına hüquqşünas Ələsgər Məmmədli Xəzər TV-də “Hər şey daxil” verilişinin aparıcılarının Azərbaycanın milli valyutası olan manatı cırmalarına münasibət bildirərkən deyib.
Hüquqşünasın qənaətincə, amma Milli Televiziya və Radio Şurasının 3-cü maddəsi dolayısı ilə maddi, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, onları qorumaq haqda neqativ hallara yol verilməməsini nəzərdə tutur: “Məsələyə bu baxımdan yanaşmaq olar. Çünki bu məsələdə heç bir cinayət yoxdur. Pul milli dəyər deyil. Lakin onun üzərində Azərbaycan bayragı oldugu üçün burada etik normalar pozulub. Ona gorə də etik normalara görə, bu qəbuledilməzdir. Yəni milli-mənəvi dəyərlər qeyri-etik şəkildə pozulub”.
Xatırladaq ki, Xəzər TV-də “Hər şey daxil” verilişinin aparıcıları Azərbaycanın milli valyutası olan manatı cırıblar. Sözügedən məsələ ilə bağlı dərhal TV rəhbərliyi münasibət bildirərək aparıcıların, əkiz bacılar Sevil və Sevincin cəzalandırıldıqlarını bildirib.
Açıqlamada deyilir: "Xəzər televiziyası 2007-ci ildə “Ailənizin Xəzəri” devizi altında yayım fəaliyyətinə başlayıb. Fəaliyyətə başladığı qısa müddət ərzində böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər zaman milli-mənəvi dəyərlərin qorunması və təbliği, soy-kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir. Bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində arzuolunmaz hal baş verib. Aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində olaraq ifasını səhnələşdirmək istəyib və bu zaman qeyri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb. Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirib və bu addım qətiyyətlə pislənilib. Aparıcı Sevinc Səfərova, rejissor Sevinc Məmmədova cəzalandırılıblar. Baş verən hadisəyə görə üzr istəyirik”.