Şirniyyat və karbohidratların stress və depressiya ilə əlaqəsi

Tarix: 20:00 21.05.2025
Müasir elmi araşdırmalar göstərir ki, insanın qidalanma vərdişləri ilə psixoloji vəziyyəti arasında birbaşa əlaqə mövcuddur. Xüsusilə sadə karbohidratlar – şirniyyat, ağ çörək, şəkərli içkilər kimi məhsullar – beyində serotonin və dopamin kimi “xoşbəxtlik hormonlarının” müvəqqəti artmasına səbəb olur. Bu da həmin qidaların stress və emosional gərginlik zamanı daha çox istehlak edilməsinə gətirib çıxarır. Lakin bu təsir qısamüddətli olmaqla yanaşı, uzun müddətdə psixoloji asılılıq, enerji düşkünlüyü və hətta depressiyanın dərinləşməsi kimi nəticələr doğura bilər.
Bu məsələ ilə bağlı "Refresh Group" MMC adlı qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov “İnformator.az”a açıqlamasında bildirib ki, şirin və karbohidratlı qidalar uşaqlıq xatirələri və emosional təsəlli ilə əlaqələndirilə bilər:
“İnsanların stress zamanı xüsusilə şirin və karbohidratlı qidalara üstünlük vermələrinin bir neçə bioloji, psixoloji və davranışsal səbəbi var:
Bioloji səbəblərə: Serotonin səviyyəsinin artırılması- Karbohidratlı qidalar beyində serotonin adlı neyrotransmitterin ifrazını artırır. Serotonin öz növbəsində moodu yaxşılaşdırır və sakitləşdirici təsir göstərir. Bu, stressli anda orqanizmin təbii olaraq "özünü yaxşı hiss etdirmək" cəhdi kimi baş verir.
Qlükoza və enerji ehtiyacı- Stress vəziyyətində bədən “döyüş və ya qaç” (fight or flight) reaksiyasına girir, bu da enerji sərfini artırır. Bədən sürətlə enerji təmin etmək üçün sürətlə həzm olunan qidalara, yəni şəkərli və nişastalı məhsullara meyil edir.
Kortizolun təsiri- Stress zamanı kortizol hormonu artır. Kortizol iştahı artırır, xüsusilə də yüksək kalorili, şirin və yağlı qidalara olan istəyi.
Psixoloji səbəblərə: Təskinlik və "rahatlıq yeməyi" (comfort food)- Şirin və karbohidratlı qidalar uşaqlıq xatirələri və emosional təsəlli ilə əlaqələndirilə bilər. İnsanlar bu cür qidaları qəbul edərək emosional təsəlli tapmağa çalışırlar.
Mükafatlandırma mexanizmi- Şirin qidalar beynin mükafat sistemini (dopamin sistemi) aktivləşdirir. Bu, keçici də olsa, xoşbəxtlik hissi yaradır.
Davranışsal və mədəni səbəblər- Reklamlar və gündəlik vərdişlər insanlarda stress zamanı hazır, əlçatan və dadlı qidalara yönəlməyi artırır. Mədəniyyətlərdə şirin qidalarla bayramlar, hədiyyələr və xoş anlar assosiasiya olunur – bu da onları daha cazibədar edir".
Xədicə Məhərrəmli