İtaliyalı ekspertlər Azərbaycanın şərab istehsalı metodları ilə tanış olublar

Bölmə: Sosial › ,
Tarix: 20:12 21.05.2025

İtaliyalı ekspertlərdən ibarət nümayəndə heyəti Azərbaycanın İsmayıllı, Qəbələ, Ağsu və Şamaxı rayonlarında fəaliyyət göstərən şərab təsərrüfatlarını da ziyarət ediblər.

Onlar yerli şərab istehsalını dəstəkləyən təbii şərtlər, ənənəvi becərmə və istehsal metodları ilə tanış olublar. Məlumata görə, Azərbaycanda “Slow Wine” hərəkatının aparıcı ekspertlərinin, yerli şərabçıların və şərab sənayesi nümayəndələrinin iştirakı ilə icma əsaslı şərabçılıq ənənələrinin və şərab turizmi, yəni enoturizm imkanlarının inkişaf etdirilməsi üzrə görüş keçirilib.

 

Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "İnformator.az"a açıqlamasında bildirib ki, yarmarka zamanı şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliflik məhsulları qonaqlara təqdim edilir:

 

"Azərbaycanın qastroturizm və enoturizm imkanlarının təbliğatının bir hissəsi olaraq icma əsaslı şərabçılıq ənənələri İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine” yarmarkasında təmsil olunur.

“Slow Food” hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasını, dayanıqlı istehsalı və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir.

1000-dən çox şərabçı və şərab zavodu nümayəndəsinin, o cümlədən 10 mindən çox ziyarətçinin iştirak etdiyi yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən “F.A. Valley” və “Meyvi Spirits” şərab istehsalçıları təmsil edirlər.

Yarmarka zamanı şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliflik məhsulları qonaqlara təqdim edilir.

Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov milli stendi ziyarət edib və təqdim edilən məhsullarla yaxından tanış olub.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktorunun müavini Rəşad Əliyev "İcma üzümləri: yerli üzüm sortlarının gücləndirilməsi və şərab turizmi" mövzusunda olan panel müzakirələrdə çıxış edərək Mədrəsə üzüm sortunun timsalında unikal yerli üzüm sortları üzərində aparılan işlər haqqında məlumat verib.

Tədbir çərçivəsində, həmçinin “Slow Wine” şəbəkəsinin rəhbəri Ludoviko Rokatello ilə işgüzar görüş keçirilərək beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə bu sahədə həyata keçirilməsi planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparılıb".

 

Xədicə Məhərrəmli