Peşə seçimi ilə bazarın tələbi uyğun gəlirmi? – Gənclərin karyera yolu və işsizlik reallığı

Tarix: 20:23 21.05.2025
Gənclərin peşə seçimi və əmək bazarının tələbləri arasında tarazlıq məsələsi bu gün cəmiyyətin əsas müzakirə mövzularındandır. Azərbaycanda bir çox gənc təhsilini bitirdikdən sonra iş tapmaqda çətinlik çəkir. Bu da birbaşa olaraq onların seçdiyi ixtisasla real bazar ehtiyacları arasında uyğunluğun olub-olmaması ilə əlaqəlidir.
Mövzu ilə bağlı “informator.az”a açıqlama verən təhsil eksperti Elmin Nuri peşə təhsilinə maraq son illər ərzində nəzərəçarpacaq dərəcədə artıb:
“Gənclərin son illərdə peşə təhsilinə marağı həddindən artıq inkişaf edən sürətlə gedir. Təsəvvür edin, ötən il ilk dəfə olaraq peşə təhsil müəssisələrinə müraciət bir deyil, 3 mərhələdə baş tutdu. Əvvəlki illərdə isə bu, cəmi bir mərhələ ilə məhdudlaşırdı. Bu artımın əsas səbəbi – həmin peşələrin əmək bazarına real uyğunluğu və iş dünyasının tələblərinə praktik cavab verməsidir. Ailə amili, yəni valideynlərin təzyiqi bu sahədə əsas meyar sayılmır.”
Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən peşə məktəblərində 13 istiqamət üzrə 100-dən artıq peşə tədris olunur və bunların hər biri əmək bazarının tələblərinə uyğun seçilmiş sahələrdir.
Bəs hazırda hansı sahələrdə işçi çatışmazlığı var?
Məsələyə münasibət bildirən ekspert qeyd edir ki, bu barədə daha dəqiq məlumatı Dövlət Məşğulluq Xidməti verə bilər. Lakin ümumi yanaşsaq, müasir dövrün əsas tələbləri – İT, süni intellekt və rəqəmsal texnologiyalar sahələrindədir:
“Hazırda yüksək bilik və bacarıqlara malik proqramçılar, İT mütəxəssislərinə çox böyük ehtiyac var. Bu sahələr yaxın illərdə də əmək bazarının əsas açar sahələri olacaq.”
Təhsil sistemində nə dəyişməlidir ki, gənclər bazara uyğunlaşa bilsin?
Ekspert bu suala cavab olaraq bildirir ki, təhsilin nəzəri çərçivədən çıxarılaraq praktik tətbiq modelinə keçməsi vacibdir:
“Təhsil sistemi tətbiqi modellərə əsaslanmalıdır. Təhsil və praktika, təhsil və iqtisadi-sosial dünya arasında körpü yaradılmalıdır. Əgər biz təhsil sistemimizi real iş bacarıqları ilə zənginləşdirsək, gənclərimiz əmək bazarına daha asan daxil ola bilər. Çünki yaxın gələcəkdə iş dünyası artıq diplomdan çox, bacarıq tələb edəcək.”
Solmaz Muradova