Bakıda evsizlik artdığı halda, minlərlə boş mənzil niyə istifadəsiz qalır?

Bölmə: Sosial › ,
Tarix: 20:25 21.05.2025

Bakıda evsizlik problemi getdikcə dərinləşir. Küçələrdə gecələyən insan sayı artarkən, şəhərin müxtəlif rayonlarında isə yüzlərlə, bəlkə də minlərlə mənzil boş vəziyyətdə qalır. Niyə evsizlər üçün imkanlar mövcud olsa da, həmin mənzillər istifadə olunmur?

 

Mövzu ilə bağlı İnformator.az"a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, bu sahədəki bərabərsizlik dərinləşməkdə davam edir:

 

"Kapitalist sistemin mahiyyəti onun bu və ya digər formada bütün maddi və mənəvi resursların sahibkarların və oliqarxların nəzarətində cəmləşməsini təmin etməsidir. Azərbaycanda kapitalist sistemin formalaşması və inkişafı prosesi də bu qanunauyğunluqdan kənarda qalmayıb. Hazırda isə gənc ailələrin, aztəminatlı təbəqələrin, müəllim, həkim, mədəniyyət və digər dövlət qulluqçularının normal mənzil əldə etməsi, demək olar ki, mümkünsüzdür. Bu sahədəki bərabərsizlik dərinləşməkdə davam edir. Belə ki, bir sıra şəxslər şəhərin müxtəlif yerlərində bir neçə bahalı mənzilə sahib olduğu halda, bir çox ailələr hələ də kirayə mənzillərdə yaşayır. Onların əksəriyyəti isə heç vaxt ev sahibi olma ümidinə belə düşə bilmir. Azərbaycanda son 10-15 il ərzində yeni mənzillərin sayı artmaqda davam etsə də, bu, əhalinin mənzillə təminatını yaxşılaşdırmayıb. Əksinə, hazırda bir çox tikili və mənzillər uzun müddət boş qalır. Bu da onu göstərir ki, tikilən mənzillər əsasən, kapitalı olan imkanlı şəxslər və məmurlar tərəfindən alınır. Statistik məlumatlara əsasən, ölkədə ailələrin sayı 2 milyon 100 min olduğu halda, mənzillərin sayı 1 milyon 750 mindən çoxdur. Yəni nəzəri baxımdan demək olar ki, hər ailəyə bir mənzil düşür. Amma praktika göstərir ki, bir çox ailələrin heç bir evi yoxdur, bəzi şəxslərin isə 5-6, bəzən 10 mənzili var. Bu da Azərbaycanda kapitalist sisteminin ədalətsizliyinin göstəricisidir. Göründüyü kimi, vətəndaşın hüququnu, rifahını qorumaq üçün deyil, oliqarxları və məmurları daha da zənginləşdirmək üçün fəaliyyət göstərən bir sistem formalaşıb. Nəticədə gənclər arasında ailə qurmamaq halları artır. Səbəb isə sosial təminatsızlıq, daha dəqiq desək, mənzil sahibi olmaq imkanlarının olmamasıdır. İnsanlar mənzil sahibi ola bilmədikləri üçün illərlə kirayələrdə yaşayırlar. Müasir dövrdə bir evin qiyməti 100-150 min manatdan başlayır. Orta əmək haqqının 400-500 manat olduğu bir ölkədə bu, vətəndaşların əksəriyyəti üçün əlçatmazdır. Yəni insanlar ömür boyu çalışsalar belə, ev almaq imkanları yoxdur. Həmçinin ipoteka şərtləri də son dərəcə ağırdır. Əksər hallarda insanlar ipoteka ala bilmədiyi üçün kirayədə yaşamağa məcbur qalır. Bütün bu hallar isə ailə institutunun zəifləməsinə, boşanma hallarının artmasına səbəb olur".

 

Həmçinin sosioloq qeyd edib:

 

"Sual olunur: əgər ölkədə bu qədər tikinti gedirsə, bəs nə üçün bu mənzillər insanlara əlçatan deyil? Əgər ailələrin sayı mənzillərin sayından azdırsa, bəs niyə bu qədər ailə evsizdir? Səbəb aydındır: kapitalist sistemin təbiəti budur. Varlı daha da varlanır, yoxsul isə daha da kasıblayır. Dövlət isə bu prosesi izləməklə kifayətlənir. Halbuki Azərbaycan dövləti bu problemi həll etmək iqtidarındadır. Dövlət büdcəsində illik 3-5 milyard manat profisit (artıq vəsait) qalır. Dövlət Neft Fondunda isə 55 milyard dollardan çox vəsait toplanıb. Amma bu vəsaitlər əhalinin mənzil probleminin həllinə yönəldilmir. Əgər hökumət istəsə, vətəndaşların mənzil problemini həll edə bilər. Bunun üçün uzunmüddətli və aşağı faizli ipoteka kreditlərinin verilməsi, sosial təbəqələr üçün güzəştli evlərin tikilməsi, istifadəsiz qalan mənzillərə və torpaq sahələrinə əlavə vergilərin tətbiq edilməsi, gənc ailələrə torpaq sahələrinin ayrılması və s. kimi tədbirlər görülə bilər. Əks halda, gələcəkdə evsiz insanların sayı daha da artacaq. Artıq proqnozlar göstərir ki, yaxın 10-15 il ərzində ölkə əhalisinin 70-80 faizi mənzilsiz qala bilər. Bu isə sosial partlayışlara gətirib çıxara bilər".

 

Qəmər Kazımzadə