Son zəngdə geyim məhdudiyyəti var?

Tarix: 20:37 21.05.2025
“Son zəng” məktəblilər üçün həm duyğulu, həm də yaddaqalan bir gündür. Bu gün onlar illərlə oxuduqları məktəbdən ayrılır, həyatlarının yeni mərhələsinə qədəm qoyurlar. Lakin hər il bu gün yaxınlaşdıqca bir məsələ yenidən gündəmə gəlir: geyimlə bağlı məhdudiyyətlər. Bəzi məktəblər şagirdlərdən klassik və ya müəyyən olunmuş formada geyinməyi tələb edir.
Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı "İnformator.az"a açıqlamasında bildirib ki, hər məktəbin son zəngi elə həmən məktəbin səviyyəsinin göstəricisidir:
"Məktəb 11 il ərzində şagirdlərində hansı dəyərlər formalaşdırıbsa elə o dəyərdə də son zəng tədbiri formalaşır. Digər tərəfdən son zəng tədbiri açıq kütləvi tədbir sayılır, orada şagirdlərin valideyinləri də iştirak edir. Əgər bir valideyin övladının geyimindən şikayətçi deyilsə, o geyimi övladı üçün özü təmin edibsə, o zaman bu son zəng tədbirindən kim və nə üçün şikayətçidir? Əlbətdə ki, bu qərardan ən çox narazı qalan şagirdlərdir, lakin onları bütün hallarda haqlı da saymaq olmaz. Ümumiyyətlə, məktəbin həyətində keçirilən hansısa tədbir "məktəb anlayışına" , "məktəb etikasına" uyğun və ya yaxın olmalıdır. Yaxşı olardı ki, bunu hər iki tərəf, həm məktəb rəhbərliyi, həm də şagird və valideyinlər dərk etsinlər. Yəni nə məktəb rəhbərliyi ciddi dərəcədə qadağalar qoysun, nə də şagirdlər ifrat dərəcədə geyim geyməsinlər".
Fatimə Heydərova