Ukrayna dronları Moskvaya doğru irəliləyir

Tarix: 22:52 22.05.2025
Rusiya genişmiqyaslı dron hücumu ilə üz-üzə qalıb. Ukraynaya məxsus PUA-ların Moskvaya doğru irəlilədiyi bildirilir. Təhlükəsizlik səbəbilə paytaxtın bütün hava limanları müvəqqəti olaraq bağlanıb.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az" açıqlamasında bildirib ki, İstanbul formatının bərpasından sonra, yəni Ukrayna tərəfindən verilən məlumata əsasən, Rusiya tərəfi Farsiyadakı danışıqlardan və sonuncu görüşdən sonra Ukrayna ərazisinə qarşı 300-ə yaxın "Şahid" tipli dronlarla hücum həyata keçirib:
"Məlumatlara görə, Ukrayna bu hücumlara cavab olaraq 105 pilotsuz uçuş aparatı ilə Rusiya ərazisini atəşə tutub. Moskva meri Sergey Sobyanin bildirib ki, bu dron hücumları təkcə Moskva üzərinə deyil, həm də paytaxt ətrafındakı ərazilərə yönəlib və Rusiya hərbi qüvvələri tərəfindən 27 dron məhv edilib.
Bu hadisələr göstərir ki, tərəflər nə sülh sazişinə, nə atəşkəsə, nə də hər hansı memorandum çərçivəsinə yaxın deyillər. Rusiya tərəfinin Ukraynanın Sumı vilayətində fəallığını artırması ilə bağlı məlumatlar da bu gərginliyin davam etdiyini təsdiqləyir. Digər tərəfdən, "Ukrayna könüllüləri" adlanan birliyə bağlı qüvvələrin yardımı ilə bağlı qərar verildiyi, eləcə də Avstraliyanın ABŞ-nin icazəsi olmadan, ABŞ istehsalı olan 49 ədəd "Abrams" tankını Ukraynaya göndərməsi haqqında rəsmi məlumat yayıldığı bildirilir. Bütün bu faktlar onu göstərir ki, bu mərhələdə sülh və ya atəşkəs barədə danışmaq hələlik tezdir".
Ekspert həmçinin bunu da bildirib ki, Ukrayna tərəfi təklif edir ki, əvvəlcə atəşkəs rejimi müəyyənləşdirilsin, daha sonra isə sülh danışıqlarının şərtləri və maddələri müzakirə edilsin:
"Nəzərə alsaq ki, tərəflər atəşkəs və sülh sazişi məsələsində fərqli mövqelərdən çıxış edirlər, bu, danışıqlar prosesini xeyli çətinləşdirir.Rusiya isə əks mövqedə dayanaraq bildirir ki, əvvəl sülh maddələri razılaşdırılmalı, ondan sonra atəşkəs rejimi tətbiq olunmalıdır.İstanbul görüşündən sonra ABŞ rəsmiləri – həm prezident, həm də vitse-prezident səviyyəsində – bu münaqişədə vasitəçi rolundan geri çəkiləcəklərini bəyan ediblər. Bundan əlavə, ABŞ tərəfindən yeni seçilmiş Roma Papasına da müraciət olunub ki, Ukrayna və Rusiya tərəflərini danışıqlar masasına əyləşdirmək üçün vasitəçilik etsin.
Bütün bunlar göstərir ki, proses hələlik qeyri-müəyyən və mürəkkəb şəkildə davam edir. Qeyd etmək lazımdır ki, ABŞ-nin vitse-prezidenti cənab Vinc və dövlət katibi cənab Hrubi katolikdir və onların yeni seçilmiş Papa ilə münasibətləri və Katolik Kilsəsi ilə əlaqələri bu prosesdə müəyyən təsir gücünə malik ola bilər".
Gülhüseynova Güllər