Krım körpüsünə zərbə endirilib

Tarix: 19:31 03.06.2025
Ukraynanın təhlükəsizlik xidməti SBU bildirib ki, Rusiya ilə ilhaq edilmiş Krımı birləşdirən Kerç boğazı körpüsündə partlayış təşkil olunub. Açıqlamaya görə, çərşənbə axşamı səhər 1100 kiloqram partlayıcı sualtı dayaqlardan birinin yanında işə salınıb. Qurum bu hücumu daha əvvəlki iki hücumun davamı adlandırıb və körpünün qəzalı vəziyyətdə olduğunu qeyd edib.
SBU partlayışın baş verdiyi anı əks etdirən görüntülər də yayıb. Rusiya tərəfi isə körpünün yalnız üç saat bağlandığını, sonra yenidən fəaliyyətə başladığını bildirib. Rusiya hərbi bloqçuları hücumun pilotsuz dəniz aparatı ilə həyata keçirildiyini və effektli nəticə vermədiyini yazıb.
Krım körpüsü Rusiyanı ilhaq edilmiş Krımla birbaşa birləşdirən yeganə yoldur. 19 kilometrlik bu körpü həm avtomobil, həm də dəmir yolu xəttindən ibarətdir və Rusiya prezidenti Vladimir Putin üçün simvolik əhəmiyyət daşıyır. Körpüdən 2022-ci ildə Rusiya qoşunları Ukraynaya hücum zamanı istifadə edib.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə