Rusiyaya qarşı sanksiyalar artıb

Tarix: 18:12 09.06.2025
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Qərb ölkələrini Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmaq üçün Rusiyaya maksimum beynəlxalq təzyiq göstərməyə çağırıb.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Zeynal Mirbəşiroğlu bildirib ki, bunlar Qərblə Rusiya arasında qarşıdurmadır:
“Bəzən bir çox hallarda bunu Rusiya-Ukrayna müharibəsi adlandırırlar. Qərbin beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışdığı da bundan ibarətdir. Bu, sözsüz ki, Rusiya ilə NATO arasında bir münaqişədir. NATO Rusiya ilə proksi müharibə aparır. Sadəcə olaraq Ukraniya bir resurs kimi əhalisi, ərazisi ilə istifadə olunmaqdadır. Qərb bacardığı qədər Rusiyaya təzyiqlər edir. Biz bu gün desək ki, Qərbin, Avropanın-ümumiyyətlə, Rusiyadan enerji asılılığı qalmayıb, onda yanılmış olarıq. Bu enerji asılılığı hələ də qalmaqdadır və dolayısı olsa da, Rusiyanın bir sıra yenə də məhsulları Qərb ehtiyaclarının ödənilməsində istifadə olunur. Qərblə Rusiya arasında tam qırılmanın olduğunu biz deyə bilmərik. Ona görə də Qərb bacardığı qədər təzyiqlər sanksiyalar edibdir. Düşünmürəm ki, bundan sonra elə ciddi sanksiyalar tətbiq olunsun ki, o, Rusiyanı Qərbin istədiyi istiqamətə yönləndirsin. Düşünürəm ki, təsiri olmayacaqdır və burada beynəlxalq hüquqdan danışarkən, ümumiyyətlə, müharibənin özü də müvafiq beynəlxalq normativ hüquqi baza ilə tənzimlənir. Amma əksər hallarda işlək vəziyyətdə olmur. Ona görə də burada, Rusiyaya qarşı təzyiqlərin edilməsi hansısa beynəlxalq hüquq normalarının təmin olunmasına hesablanır desək də yanılarıq. Yəni bu proseslərə, hesab edirəm ki, çox obyektiv yanaşmaq lazımdır. Burada iki rəqib arasında geosiyasi mübarizə gedir. Bu zaman etiraf etmək lazımdır ki, heç kimi beynəlxalq hüquq normaları çox da maraqlandırmır. Tərəflər öz mövqelərini qorumağa çalışırlar, ya da geosiyasi rəqiblərini məhv etməyə çalışırlar. Reallıq bundan ibarətdir”.
Həmçinin siyasi şərhçi qeyd edib ki, Rusiya NATO münasibətləri sərt rəqabət münasibətləridir:
“Geosiyasi rəqabət getməkdədir. Bu münasibətləri biz başqa cür xarakterizə edə bilmərik. NATO-nun özü vaxtilə birbaşa SSRİ-yə qarşı yaradılmış hərbi siyasi bir blokdur. Rusiyada bu gün SSRİ-nin elə siyasi hüquqi varisidir. NATO-nun başlıca missiyası bunu nə qədər fərqli təqdim etməyə çalışsalar da, Rusiyanı geosiyasi arenada sıxışdırmaqdan ibarətdir. Bu baxımdan da düşünürəm ki, NATO Rusiya arasında hansısa konstruktiv münasibətlərdən, hansısa əməkdaşlıq imkanlarının yaranacağından danışmaq sadəlövhlük olardı. Bu münasibətlər həmişə bu cür qalacaq. Yəni ki, rəqib münasibətləridir və bu cür də hesab edirəm ki, davam edəcəkdir. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar düşünmürəm ki, Rusiyanın mövqeyinə hansısa bir formada təsir göstərsin. Ayın 4-də Rusiya prezidenti ilə ABŞ prezidenti arasında növbəti telefon danışığı baş tutdu. Donald Tramp vurğuladı ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiyanın ərazisində təşkil etdiyi hücuma görə cavab verəcək. Ən bununla bunu sadəcə olaraq məlumat kimi öz sosial şəbəkəsində ifadə etdi. Amma buna qarşı olduğunu və yaxud da ki, buna fərqli yanaşdığını ifadə etmir. Sadəcə olaraq, Putinin səsləndirdiyi fikirləri təkrar edir. Yəni bu da ondan xəbər verir ki, Amerika Birləşmiş Ştatları da dərk edir ki, Rusiyanın hansısa addımdan çəkindirmək mümkün deyil. Bu istər sanksiyalar olsun, istər hansısa formada siyasi təzyiq rıçaqları olsun. Bunlar Rusiyaya təsir etmir. Bunu Donald Tramp da yaxşı dərk edir”.
Aysel Mirzəyeva