Tramp bu vərdişi ilə ABŞ-nin sirlərini yaya bilər

Bölmə: Siyasət › ,
Tarix: 18:20 09.06.2025

ABŞ Prezidenti Donald Tramp və onun administrasiya üzvlərinin şəxsi telefonlardan istifadə vərdişləri onları fırıldaqçılar və xarici kəşfiyyat agentləri ilə bağlı təhlükələrə məruz qoya bilər,bu barədə "Axios" yazıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Prezidentin şəxsi telefonundan istifadə etməsi onun şəxsi məsələsi deyil:

 

"Bu məsələ ilə bağlı təhlükəsizlik xidməti öz rəyini bildirməli, münasibətini ortaya qoymalıdır. Bu, sadə məsələ deyil. Prezident seçilən şəxs artıq yalnız özünə deyil, həm də xalqa və dövlətə məxsus bir şəxsiyyətə çevrilir.Bu kimi hallarda fəaliyyət zamanı ölkənin maraqları, təhlükəsizliyi, dəyərləri və qoyulan tələblər ön plana keçir. Burada xüsusilə vurğulamaq lazımdır ki, Donald Tramp eksentrik bir şəxsiyyət olaraq – özünü həddindən artıq sevən, başqalarının fikrinə önəm verməyən, tənqidə hazır olmayan bir insan kimi – təhlükəsizlik xidmətinin rəy və tələblərinə riayət etməlidir. Çünki o, artıq yalnız özü üçün yox, həm də xalq üçün simvola çevrilmiş bir şəxsdir. O, ölkənin birinci şəxsidir və bu status həm də ölkənin maraqlarını qorumaq öhdəliyi yaradır. Digər tərəfdən, prezident ölkənin nüfuzunu və beynəlxalq reputasiyasını təmsil edən bir fiqurdur. Bu məsələlərlə bağlı çoxlu presedentlər mövcuddur. Məsələn, bir neçə il əvvəl ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton şəxsi e-poçt hesabından dövlət sənədləri ilə yazışmalar aparmış və bu ciddi qalmaqallara səbəb olub. Bu məsələ ilə bağlı ölkə daxilində geniş araşdırmalar aparılıb. Belə hallar ölkənin təhlükəsizliyinə zərbə vurur və buna görə də dövlət məmurları özlərinə qarşı tələbkar olmalıdırlar. Orta səviyyəli məmurlar üçün artıq müəyyən qadağalar və davranış normaları tətbiq olunub. Onlar anlayırlar ki, bu sahədə eksperimentə yer yoxdur. “Mən belə eləyərəm, heç nə olmaz” kimi yanaşma qəbulolunmazdır. Dövlət məmuru hər zaman ciddi məsuliyyət daşımalı və öz davranışları ilə nümunə olmalıdır. Çünki bu gün orta vəzifədə olan məmur sabah strateji sahədə rəhbər vəzifəyə irəli çəkilə bilər. Bu baxımdan, hər bir məmur davranışları ilə sübut etməlidir ki, dövlətin maraqlarını hər şeydən üstün tutur. Əgər biz bu kontekstdə ABŞ-dən danışırıqsa, o zaman məqsəd bu olmalıdır ki, ölkənin maraqları, imkanları genişlənsin və beynəlxalq mövqeləri möhkəmlənsin.Gələcək prezidentlərlə bağlı sual yaranır: Tramp nümunə ola bilərmi? Mən düşünürəm ki, biz – insan cəmiyyəti olaraq – hamımız davranışlarımızla müəyyən presedentlər yaradırıq. Ən yaxşısı odur ki, Donald Tramp bu vəzifədə təqdirəlayiq bir prezident nümunəsi yaratsın. Yəni özbaşınalıq etməsin, emosional davranışlara, şıltaqlıqlara yol verməsin, eksperimentlərə meyil göstərməsin.Belə bir yüksək və məsuliyyətli mövqedə hər bir qərar ölçülüb-biçilmiş olmalıdır. "Mən eləyərəm, keçər", ya da "mənə heç nə deməzlər" kimi düşüncə qəbuledilməzdir. Prezident və ümumiyyətlə, dövlət məmurları başa düşməlidir ki, burada zəifliyə və şəxsi kaprizlərə yer yoxdur. Bu yanaşma həm ölkənin maraqlarını qoruyar, həm də prezidentin şəxsi nüfuzunu artırar. Hər bir prezident anlamalıdır ki, o, yalnız özü üçün deyil, həm də xalqın və dövlətin simvoludur. Bu, nə qədər paradoksal səslənsə də, belədir. Dövlətin himni, gerbi və bayrağı ilə yanaşı, prezident də fəaliyyət dövründə ölkənin rəmzinə çevrilir".


Qəmər Kazımzadə