Rusiya ABŞ və İran arasında vasitəçilik edir

Bölmə: Siyasət › ,
Tarix: 18:25 09.06.2025

Rusiya ABŞ və İran arasında həll yollarının tapılması üçün fəal vasitəçilik səyləri göstərir.

 

Mövzu ilə bağlı poıitoloq Zeynal Əmirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya uzun müddətdir ki, Amerika Birləşmiş Ştatları və İran arasında vasitəçilik etmək istəyir:

 

"Lakin hər iki dövlət buna çox da isti baxmırlar. Nəzərə alaq ki, Rusiyanın İranla münasibətləri normal şəkildə olsa belə, İran da yaxşı başa düşür ki, Rusiyanın vasitəçilik missiyasının həyata keçirilməsi daha çox öz maraqlarına cavab verəcək. Yəni Rusiya burada imperativ maraqlar güdəcək. Buna görə də İranda da bu məsələyə müsbət baxmırlar. Hətta son zamanlarda Rusiyaya qarşı ritorika sərtləşib. Çünki rəsmi Moskvanın Ukrayna məsələsi ilə bağlı sərgilədiyi mövqe Vaşinqtonda isti qarşılanmır. Yəni kifayət qədər Tramp administrasiyasında hazırda Rusiyaya qarşı neqativ münasibət var. Hətta müsbət münasibətin olduğu zamanlarda belə Ağ evdə Rusiyanın bu məsələdəki vasitəçiliyinə müsbət şəkildə baxmırdı. Həm də ki, tərəflərin arasında, yəni Vaşinqton və Tehran arasında bir dialoq formalaşıb. Omanda tərəflər arasında danışıqlar keçirilir və hər iki tərəfdən verilən müsbət mesajlar onu deməyə əsas verir ki, danışıqlar heç də uğursuz şəkildə getmir. Yəni müəyyən dərəcədə bəzi uğurlar var. Bütün bunların fonunda yenidən Rusiyanın bu cür təşəbbüslərlə çıxış etməsi, şübhəsiz ki, bunun hansısa bir nəticə verəcəyini çox da gözlənilən deyil. Rusiyanın buradakı əsas məqsədi məhz Ukrayna məsələsi ilə bağlı sərgilədiyi mövqeyə cavab verməkdir. Çünki ABŞ Ukrayna məsələsi ilə bağlı Rusiya və Ukrayna arasında vasitəçilik missiyasını öz üzərinə götürüb və bir müddət vasitəçilik etdi. Ancaq bu da uğursuz alındı. Hazırda isə Rusiya özünün regionun əsas dövləti olduğunu sübut etmək üçün özünün sülhyaratma imicini formalaşdırmaq üçün bu cür təşəbbüslərlə çıxış edin. Ancaq bunun reallaşması və uğur qazanması gözlənilən deyil".

 

Ayşən Səlimova