Bu hücum Rusiyanın zəifliyidir-Qaleotti

Bölmə: Siyasət › ,
Tarix: 18:28 09.06.2025

İyunun 6-na keçən gecə Ukraynaya edilən kütləvi hücum Kiyevin “Hörümçək" xüsusi əməliyyatına cavab idi. Bununla belə, o, Rusiya lideri Vladimir Putinin gücünü nümayiş etdirmək əvəzinə, yalnız zəifliyini vurğuladı, bunu britaniyalı politoloq Mark Qaleotti deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, Ukraynanın bu hücumunu taktiki baxımdan uğurlu sayıram:

 

"Mən Ukraynanın hücumunu taktiki baxımdan uğurlu sayıram. Amma strateji baxımdan nə qədər uğurlu olacağını zaman göstərəcək. Çünki əvvəllər də dediyim kimi, müharibələrdə əsas nəticə torpaqda ölçülür. Yəni kim əraziyə nəzarət edirsə, o da üstün sayılır. Hal-hazırda ərazi baxımından Rusiya üstünlük təşkil edir və irəliləyir. Bəli, bu irəliləyiş sürətli deyil — günə bir-iki kənd, amma hər halda irəliləyişdir. Hətta ruslar Ukraynanın Sumı vilayətinə doğru da yavaş-yavaş irəliləyərək orada tampon bölgə yaratmağa çalışırlar. Beləliklə, Sumı artıq rus ordusunun hücum etdiyi beşinci vilayət olub və sərhəd boyunca tampon zonalar qurmağa cəhd edirlər. Əgər Ukrayna bu hava hücumları nəticəsində quru əməliyyatlarında irəliləyə bilməyəcəksə və ya heç olmasa Rusiyanın irəliləyişini dayandıra bilməyəcəksə, bu hücum taktiki uğur kimi qalacaq. Yəni bir neçə gün müzakirə olunacaq və sonra yeni reallıqlar yaranacaq. Amma bu zərbələr Rusiyanın qurudakı qüvvələrini də zəiflədə bilsə, bu artıq strateji uğur sayılacaq və Ukrayna tərəfi də, onlara dəstək verən qüvvələr də buna çalışırlar. Mənim fikrimcə — və bu təkcə mənim fikrim deyil — bu hücum Ukrayna kəşfiyyatının təkbaşına həyata keçirdiyi əməliyyat deyil. Ukrayna kəşfiyyatına hörmətlə yanaşıram, lakin bu səviyyədə əməliyyatı təkbaşına həyata keçirmək imkanında deyillər. Böyük ehtimalla bu əməliyyatın arxasında Britaniya kəşfiyyatı dayanır və ABŞ kəşfiyyatının da bu hücumdan xəbəri olub. Sızan məlumatlar da bu fikri təsdiqləyir.Əgər ABŞ, Britaniya və ümumilikdə Qərb dünyası, o cümlədən Vatikan belə bir məqsəd qoyubsa ki, Ukrayna uzunmüddətli mübarizə aparsın və planlı şəkildə Rusiya zəiflədilsin, bu halda Rusiya gələcəkdə "Əfqanıstan sindromu" ilə üzləşə bilər. Sovetlər Birliyi Əfqanıstanda ilk illərdə üstün mövqedə idi. Kabul rahat şəkildə ələ keçirildi, orada hərbi çevriliş edildi. Prezident sarayına hücum olub, prezident dəyişdirildi. Amma bu dəyişikliklər də kommunistlər arasında baş verdi. Yəni bir kommunist prezident digər kommunist prezidentlə əvəz olundu. Hətta bəzi məlumatlara görə, sovetlərin iki fərqli güc strukturu Əfqanıstandakı liderlərə dəstək verirdi və aralarındakı mübarizə nəticəsində biri digəri üzərində üstünlük qazandı. Əfqanıstan o dövrdə də kommunist rejimlə idarə olunurdu və onlar islam dəyərlərinə qarşı hörmətsiz addımlar atırdılar. Bu müqavimət dalğasından sonra sovetlər qoşun yeritmək məcburiyyətində qaldılar. Müharibənin dördüncü-beşinci ilindən sonra isə Əfqanıstan mücahidləri "Stinger" raketləri ilə silahlandırıldı, Pakistanda təlim keçməyə başladılar, Səudiyyə Ərəbistanı maliyyə dəstəyi verdi, ABŞ silah yardımı etdi, Pakistan isə coğrafi dəstək göstərdi. Nəticədə sovetlər üstünlüyünü itirdi və ölkəni tərk etdilər. İndi isə Ukrayna müharibəsinin üçüncü ilidir. Əgər iki-üç il ərzində Rusiya bu müharibəni sona çatdıra bilməzsə və Qərb də Ukraynaya dəstəyini davam etdirərsə, üstünlük Ukrayna tərəfinə keçə bilər. Bu isə nəinki Putin rejiminin, ümumiyyətlə, Rusiya Federasiyasının dağılmasına səbəb ola bilər. Qərbin bunu əvvəlcədən planlaşdırıb-planlaşdırmadığını demək çətindir. Ola bilsin ki, prosesin öz axarına buraxılması qərara alınıb. Çünki siyasətdə bu gün verilən qərar sabah dəyişə bilər. Hazırda isə görürük ki, Ukrayna müqavimətini davam etdirir, Rusiya isə hücumlarını sürdürür. Ukrayna hava məkanında Rusiyaya ciddi zərbələr endirir, Rusiya isə quru ərazilərdə irəliləməyə çalışır. Düzdür, bu irəliləyiş "tısbağa addımları" ilə gedir, amma yenə də irəliləyişdir".

 

Qəmər Kazımzadə