İran Pakistan-Hindistan danışıqlarında vasitəçiliyə hazırdır

Tarix: 12:33 10.06.2025
İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında bildirib ki, Tehran İslamabad və Yeni Dehli arasında danışıqlarda vasitəçilik etməyə hazırdır. O, İranın regionda davamlı sülhün bərqərar olmasına yönəlmiş istənilən təşəbbüsü alqışladığını vurğulayıb.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov "İnformator.az"a açıqlamasında bildirib ki, Pezeşkianka Pakistanın baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub və Pezeşkian İran, Hindistan və Pakistan arasında danışıqlarda vasitəçilik etməyə hazır olduğunu bildirir:
"Qeyd etmək lazımdır ki, bu, İranın ilk belə təşəbbüsü deyil. Hələ may ayında eskalasiya ərəfəsində də İran oxşar təklif irəli sürüb. Aydın məsələdir ki, İran bu regional proseslərdə fəal olmağa çalışır. Xüsusilə də nəzərə alsaq ki, İranın burada geoiqtisadi maraqları var, Hindistanla ticari, iqtisadi əməkdaşlığı var. Eyni zamanda da Pakistanla son zamanlar olan isti münasibətlər İranı vadar edir ki, vasitəçilik etsin. İranın hər iki ölkə ilə münasibətləri enişli-yoxuşludur. Xatırlatmaq lazımdır ki, elə ötən ilin yanvarında Pakistanla onun arasında sərhəd bölgədə gərginlik yaranıb. Hər iki tərəf bir birinə zərbələr endirib. Eyni zamanda Hindistanla müəyyən problemlər yaşanır. Davamlı, xüsusilə də ABŞ-nin Hindistan üzərində təzyiqləri nəticəsində Hindistanın İranla münasibətdə, belə deyək, daha məhdudlaşdırıcı mövqe nümayiş etdirməsi səbəbindən İran Hindistan əlaqələrində davamlı problemlər yaranır. Amma bununla belə, İran vasitəçilik cəhdlərini nümayiş etdirməyə çalışır. Bu nə dərəcədə realdır? İran, Hindistan, Pakistan arasındakı vasitəçilik cəhdləri belə əhəmiyyətli nəticələr verə bilər. Yəni, əgər İran bu məsələdə aktiv olacaqsa, ABŞ-nin tərəflərə müəyyən təzyiqləri ola bilər. Ona görə də İranın prosesdə rəsmi şəkildə iştirakını və bu iştirakın hansısa bir ciddi nəticə verəcəyi indiki halda real görsənmir. Əsas odur ki, hazırda bir atəşkəs rejimi mövcuddur".
Ayşən Səlimova