Medinskinin Qarabağı “mübahisəli ərazi” kimi təqdim etməsi münasibətlərə xələl gətirə bilər

Bölmə: Siyasət › ,
Tarix: 20:15 10.06.2025

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixli müsahibəsində Qarabağı "mübahisəli ərazi" kimi təqdim etməsinə sərt reaksiya verib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və bu fakt Rusiya tərəfindən də rəsmi şəkildə tanınıb.


Hacızadə qeyd edib ki, Medinskinin mövqeyi nəinki Azərbaycanın ərazi bütövlüyünə ziddir, həm də Rusiya hökumətinin rəsmi siyasətinə uyğun gəlmir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Natiq Miri bildirib ki, bu cür bəyanatlar Moskva-Bakı münasibətlərində gərginliyə səbəb ola bilər:

 

"Bu, sadəcə münasibətlərə təsir edə bilər ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bu kontekstdə açıqlama verib. Düşünürəm ki, bununla bağlı Rusiya dövləti – Rusiya Xarici İşlər Nazirliyi açıqlama vermək məcburiyyətindədir. Çünki Azərbaycanın ərazisi olan Qarabağ heç vaxt mübahisə predmeti olmayıb. Onu belə təqdim etmək Azərbaycanın ərazi bütövlüyünə kölgə salmaq cəhdidir. Beynəlxalq hüquq baxımından Ukrayna müstəqil dövlətdir və Rusiya tərəfindən işğal olunmuş əraziləri var. Azərbaycan isə bu barədə açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Görünür, Rusiyada hələ də bu mövqeyə qarşı qıcıq var. Qarabağı itirməklə Rusiya bölgədə təsir imkanlarını itirib və görünür ki, bu reallığı həzm edə bilmir. Ermənistan 2022-ci il Praqa bəyanatında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. "Rusiya isə bu prosesə birbaşa aidiyyatı olmayan xarici dövlətdir və başından böyük bəyanatlar verməyə çalışır. Halbuki BMT-nin bütün üzvləri – o cümlədən Rusiya – Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birlikdə tanıyıb. Rusiya bu gün bunu qəbul etmirsə, bu, artıq Azərbaycanın yox, Rusiyanın problemidir”.

 

Medinskinin Ukrayna müharibəsi ilə Qarabağ münaqişəsini paralel göstərməsi məsələsinə də toxunan politoloq bildirib ki, bu yanaşma tamamilə yanlışdır və təxribat məqsədi daşıyır:
“Bu paralellik aparmaq mümkün deyil. Ukrayna əraziləri beynəlxalq hüquq çərçivəsində tanınıb və bu ərazilər hazırda işğal altındadır. Azərbaycan isə heç vaxt başqa ölkənin torpağını işğal etməyib, Qarabağ da heç vaxt mübahisəli ərazi olmayıb. Burada paralellik aparmaq beynəlxalq hüquq baxımından da yanlışdır. Medinski bu fikirləri texniki səhv kimi yox, məqsədli şəkildə səsləndirib. Rusiya yalanı institutlaşdırmış ölkələrdən biridir – dezinformasiya yaymaqla digər ölkələrə təsir etməyə, proseslərə müdaxilə etməyə çalışır. Medinski də görünür bu yanaşma ilə hərəkət edir, amma bu cəhdlər nəticəsiz qalacaq. Azərbaycan buna yol verməyəcək. Hüquqi baxımdan da Rusiya bu proseslərə müdaxilə edə bilməz. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və Azərbaycan açıq şəkildə həm Qarabağın, həm də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”.


Solmaz Muradova