İrana imkan verə bilmərik-Effi Defrin

Bölmə: Siyasət › ,
Tarix: 20:46 20.06.2025

 

İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Effi Defrin brifinqdə deyib ki, İrana nə nüvə silahı, nə də ballistik raketlər əldə etməyə imkan verəcəklər.

 

Effi Defrin bildirib: “Biz hərbi əməliyyata bu səbəbdən başlamışıq. İranın nüvə silahı və ballistik raketlərə sahib olmasına imkan verə bilmərik. Bu, İsrail üçün bir təhdiddir. Ona görə də mövcud təhlükənin aradan qaldırılması üçün bütün tədbirlər görüləcək”.

 

Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin cavabları əsasən təhlükəni dəf etmək məqsədi daşıyır:

 

“İran-İsrail arasında müharibəni alovlandıracaq bəyanatlar hər iki tərəfdən verilir. Qarşılıqlı ittihamlar və təhdidlər məsələnin daha da gərginləşməsinə səbəb olur. İran İsrailin hücumlarına maksimum cavab verməyə çalışır. Ancaq İsrail görür ki, İran ona əsasən ballistik raketlərlə daha çox ziyan vurur. Odur ki, bunun qarşısını almaq üçün əməliyyatlar təşkil edir. 

İsrailin bu cavabları təhlükəsini dəf etmək məqsədi daşıyır. Güc balasını, onsuz da, İsrail öz xeyrinə dəyişdiyini güman edir. Ancaq vəziyyət elədir ki, hər gün dəyişir və balans hər dəfə bir tərəfin üstünlüyünü təzahür etdirir. İsrailin imicinə hazırda İran güclü zərbə vurur. Dəmir qübbə mifi və məğlubedilməzlik propaqandası dağılır. İranın raketləri dəmir qübbəni dəlib böyük dağıntılara səbəb olur.

Hazırda İran üçün İsrail daha böyük əməliyyat hazırlayır. Məlum oldu ki, İranın raket ehtiyyatı kifayət qədərdir. İsrail bunu sıradan çıxarmasa, hətta illərlə atsa da bitməz. Ona görə İsrail görür ki, önləyici planları işə salmalıdır və hücum strategiyasını dəyişməlidir.

İsrail İranın regiondakı təsirini kökündən kənarlaşdırmaq istəyir.

İsrail, ümumiyyətlə, İrana qarşı mümkün olan, əlindən gələn bütün yollarla müharibəyə davam etmək niyyətindədir. Öz növbəsində İran da qarşılıq verməkdə israrlıdır. Münaqişənin kökü uzun illərə dayandığı üçün, hər iki tərəf də uzun müddətdir bir-birinə qarşı müharibə hazırlığında olduğuna görə bu savaş çox uzanacaq. Demək olar ki, keçmiş İran-İraq müharibəsi kimi tərəflər bir-birini hərtərəfli tənəzzülə uğratmamış sülhə gəlməyəcəklər. Balans isə mütəmadi olaraq dəyişəcək. Çünki İranın da, İsrailin də tərəfində kifayət qədər güclü dövlətlər var”.

 

Lalə Qurbanlı