Qara dəniz ölkələrinin rifahı iqtisadi əməkdaşlıqla mümkündür

Tarix: 23:50 20.06.2025
Milli Məclisdə keçirilən QDİƏTPA-nın 65-ci Baş Assambleyasının plenar iclasında Bolqarıstan Respublikasının Milli Assambleyasının Prezidenti Nataliya Kiselova deyib:
" Yalnız iqtisadi əməkdaşlığın gücləndirilməsi vasitəsilə Qara dəniz regionu ölkələri üçün davamlı rifahı təmin etmək mümkündür".
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, xalqların və dövlətlərin rifahını təmin etmək üçün iqtisadi-ticarət əməkdaşlığı böyük bir yolun başlanğıcıdır.
"Aydın məsələdir ki, hər hansı bir regionda, o cümlədən Qaradəniz bölgəsində xalqların və dövlətlərin rifahını təmin etmək üçün iqtisadi-ticarət əməkdaşlığı böyük bir yolun başlanğıcıdır. Bu nöqtədən başlandıqdan sonra müxtəlif istiqamətlərdə – humanitar, mədəniyyət sahəsində investisiyaların qoyuluşu, humanitar əlaqələr və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək mümkündür ki, bu da sonda xalqların rifahının yüksəlməsinə gətirib çıxarır. Ona görə də Qaradəniz ölkələri arasında iqtisadi əlaqələrin qurulması olduqca vacibdir və eyni zamanda daha böyük nailiyyətlərə çatmağın ilkin şərtidir. Təkcə Qaradəniz bölgəsində yox, ümumiyyətlə, dünyanın bütün bölgələrində iqtisadi inkişaf birinci növbədə siyasi sabitliklə bağlıdır.
Əgər siyasi sabitlik yoxdursa, orada iqtisadi inkişaf, ticarət əlaqələrinin dərinləşməsi və investisiyaların inkişafı sadəcə olaraq mümkünsüzdür. Bu gün Azərbaycanın timsalında bunu görmək mümkündür. Əgər Azərbaycanda bu gün iqtisadi inkişaf varsa, iqtisadi əlaqələr qurulub inkişaf edirsə, investisiyalar qoyulursa, bu, birinci növbədə ölkədə siyasi sabitlik və təhlükəsizliklə bağlıdır.
Eləcə də Qaradəniz bölgəsində sabitlik və təhlükəsizlik daha güclü iqtisadi inkişaf perspektivlərinə çıxmağın çox vacib və zəruri şərtidir. Qaradəniz bölgəsində hələlik tam siyasi sabitlik və təhlükəsizlikdən söhbət gedə bilməz. Xüsusilə də 2022-ci ildə Ukrayna müharibəsi başlayandan sonra Qaradəniz akvatoriyasında sabitlik və siyasi təhlükəsizlik müəyyən qədər risk altındadır. Bu müharibənin təsirindən Krım körpüsünün dəfələrlə vurulması, Qaradənizdə sualtı minaların üzə çıxması, bu minaların gəmiçiliyin hərəkəti üçün təhlükə törətməsi və s. qeyd etdiyim amillərdir.
Ona görə də siyasi sabitlik məsələsində Qaradəniz ölkələrinin iqtisadi rifahı üçün müəyyən risklər mövcuddur. Yəqin ki, ölkələr bu haqda düşünürlər. Əməkdaşlığın gücləndirilməsi üçün konkret təkliflər və ideyalar mövcuddur və bu, hər zaman mümkündür.
Sözsüz ki, Qaradəniz ölkələrinin böyük potensialı var və bu potensial çoxşaxəli yanaşma baxımından da əhəmiyyətlidir.
Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan və digər ölkələrin bu bölgədə həm iqtisadi, həm logistika, həm ticarət mübadiləsi, həm də enerji sahəsində ciddi imkanları mövcuddur. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “həmrəylik halqası” adlandırılan təşəbbüs – bu ölkələr arasında neft mübadiləsinin təşkili də bu istiqamətdə mühüm addımdır. Bundan başqa, Azərbaycanın təklifi ilə onun və Gürcüstanın ərazisindən keçərək Qaradəniz vasitəsilə Avropanın sahil ölkələrinə doğru “yaşıl dəhliz”in qurulması nəzərdə tutulur. Bu istiqamətdə Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Slovakiya arasında müvafiq saziş də imzalanıb. Bu təşəbbüs Qaradəniz ölkələri arasında iqtisadi, ticarət və enerji əməkdaşlığının gücləndirilməsinə, nəticə etibarilə isə əhalinin rifahının yaxşılaşdırılmasına yönəlib. Başqa ideya və təşəbbüslər də mövcuddur, yetər ki, onların həyata keçirilməsi üçün dövlətlər arasında həmrəylik olsun. Aydın məsələdir ki, fərqli iqtisadi və siyasi modellər istənilən yerdə, o cümlədən regionlarda dövlətlər arasında əməkdaşlığa maneçilik törədə bilir.
Xüsusilə də siyasi modellərin, siyasi idarəçiliyin fərqliliyi ölkələr arasında iqtisadi əməkdaşlığa mane olan əsas faktorlardan biridir.
Amma bəlkə də bu, Qaradəniz bölgəsində xalqların və dövlətlərin xoşbəxtliyidir ki, burada dövlətlər arasında siyasi idarəçilik baxımından ciddi fərqlər yoxdur.
Çünki bu ölkələrdə siyasi idarəetmə rejimləri bir-birinə oxşardır və hamısı sivil cəmiyyət quruculuğuna meyilli ölkələrdir.
Məsələn, Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya – bu ölkələrin bir çoxu Avropa İttifaqı kimi sivil və beynəlxalq regional təşkilatların üzvüdür, hətta NATO üzvü olanlar da var.
Belə şəraitdə iqtisadi modellərin nisbətən oxşarlığı da bu ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün çox vacib və əhəmiyyətli şərt sayılır.
Bolqarıstan əzəldən, Sovet İmperiyası dağılandan bəri Qaradəniz bölgəsində çox əhəmiyyətli tranzit və logistika mövqeyinə malik olan bir ölkə kimi tanınır. Hətta Azərbaycan neftinin Avropaya nəql olunması məsələsində vaxtilə Bolqarıstanın limanları da Azərbaycan neftinin Avropaya daşınması üçün çox əhəmiyyətli tranzit mərkəzi kimi nəzərdən keçirilib.
O cümlədən Bolqarıstanın Burqas limanı – Azərbaycan neftinin Qaradəniz üzərindən bu limana gətirilməsi, Burqas limanından isə Avropa ölkələrinə nəql olunması kimi bir layihə mövcud idi.
Əgər indi Azərbaycanın nefti Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına daşınırsa, o zaman bu neftin Qaradənizdə Burqas limanına daşınması kimi bir layihə var idi. Bolqarıstan Azərbaycanın və digər ölkələrin malik olduqları imkanların Avropanın infrastrukturu ilə birləşdirilməsində böyük rol oynayır. Xatırladığım qədərilə, Azərbaycanın qazı bu gün Bolqarıstana da nəql olunur və Bolqarıstan ondan istifadə edir. Çünki Yunanıstanla Bolqarıstan arasında interkonnektor xətti Avropanın Azərbaycan qazı ilə təmin olunmasında böyük rol oynayır. Eləcə də Rusiyanın “Mavi Axın” xətti ilə gələn qaz Türkiyəyə, oradan isə Bolqarıstan vasitəsilə Avropaya çıxış imkanına malikdir".
Səmayə Səftərova