Azərbaycan Çin və Küveytlə strateji sahələr üzrə əməkdaşlığa başlayır

Bölmə: Siyasət › ,
Tarix: 22:51 20.06.2025

Prezident İlham Əliyev Çin və Küveytlə əməkdaşlıqla bağlı sənədləri təsdiqləyib.

Bununla bağlı ölkə başçısı İlham Əliyev müvafiq fərmanlar imzalayıb.

İlk Fərmana əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı” təsdiq edilib.

Prezident həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan öz coğrafi mövqeyinə görə dünyada azsaylı logistik mərkəzə çevrilə biləcək potensialı olan ölkələrdən biridir:

 

“Həm şimal-cənub, həm də şərq-qərb yol infrastrukturu və dəhlizləri Azərbaycanın üzərindən keçməsi mümkündür. Çinin də “Kəmər və Yol” layihəsi uzun illərdir, Çin hökumətindən müxtəlif istiqamətlərdə ən çox dəstəklənən layihələrdən biridir. Bu “Kəmər və Yol” layihəsinin bir hissəsi də Azərbaycandan keçəcək. Azərbaycanın bu yöndə Çinlə çox vacib əməkdaşlığı var. Azərbaycan Prezidentinin Çinə son səfəri zamanı bu sahədə ciddi danışıqlar və imzalanan niyyət protokolu, sənədləri var”.

 

Ekspert qeyd edib ki, Küveytlə imzalanan anlaşmada iki istiqamət önə çıxır:

 

“Birincisi, Azərbaycan kənd təsərrüfatı və aqrar sənaye məhsullarını Küveytə ixracıdır. Təbii olaraq enerji sektorudur. Çünki Küveytdə ən böyük enerji ölkələrindən biridir. Ən böyük qaz ixracı olan ölkələrdən biridir. Azərbaycanın da bu sahədə ciddi təcrübəsi və bilikləri var. Bundan başqa həm Küveytdə, həm də Azərbaycanda birgə investisiyaların imzalanması mümkündür. Küveyt neft-qaz ölkələrindən biridir. Ən çox neft və qaz ixrac edən ölkələrdən biridir. Enerji sahəsində əməkdaşlıq əsas amil olacaq. İnvestisiyalar da daha çox enerji sahəsində olacaq. Ümumilikdə körfəz ölkələri ilə Azərbaycanın hər il artan templə irəliləyən turistik, iqtisadi, investisiyalı əlaqələri artır. Nəticə etibarilə, Azərbaycan yeni bazarlara çıxış imkanı axtarır. Körfəz ölkələri kifayət qədər ciddi bazardır. Çünki Azərbaycan kənd təsərrüfatı məhsullarının 85%-ə yaxını Rusiyaya satılır. Bu o qədər də doğru deyil. Yəni çoxşaxəli bir modelə keçid lazımdır. Çoxşaxəli ixrac modelində körfəz ölkələri Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər çox vacib rol oynaya bilərlər”.

 

Nuray Əliyeva