İsrailin “Öldürdük” dediyi şəxs mesaj yayıb

Bölmə: Dünya › ,
Tarix: 20:50 20.06.2025

 

İran-İsrail müharibəsində 8-ci günə daxil olunub. Hər iki tərəfin qarşılıqlı raket hücumları nəticəsində həlak olanların və yaralananların sayı artmaqda davam edir. İsrailin ilk gün etdiyi hücumlarda öldürüldüyü bildirilən İran lideri Əli Xameneinin yaxın müttəfiqi Əli Şəmxaninin vəziyyətinin yaxşı olduğu açıqlanıb. Şəmxani yayımladığı mesajda: “Sağam və fəda olmağa hazıram”, – deyə bildirib.

 

İran Prezidenti Məsud Pəzeşkiyan mövzu ilə bağlı “X” sosial şəbəkəsində etdiyi paylaşımda belə yazıb:

“Biz hər zaman sülhün və əmin-amanlığın tərəfdarı olmuşuq. Lakin hazırkı vəziyyətdə bizə zorla qəbul etdirilən müharibənin sona çatmasının yeganə yolu, düşmənin şərtsiz şəkildə hücumlarını dayandırması və sionist terrorçuların sərgüzəştlərinə əbədi olaraq son qoyulacağına dair qəti zəmanətin verilməsidir. Əks halda, düşmənə verəcəyimiz cavablar daha sərt və peşmanedici olacaq".

 

İrandan həyata keçirilən raket hücumu səbəbilə İsrailin cənubundakı, xüsusilə Birüssebi şəhəri və ətrafında hava hücumu siqnalları səsləndirilib. İsrail ordusu daha sonra bir raketin dəydiyi barədə məlumat daxil olan ərazidə qüvvələrinin fəaliyyət göstərdiyini açıqlayıb. İsrail polisinin sözçüsü bildirib ki, polis əməkdaşları və bomba zərərsizləşdirmə mütəxəssisləri Birüssebi şəhərində raketin düşdüyü ərazidə işləyirlər. Sosial mediada yayılan görüntülərdə bir çox avtomobilin və bəzi binaların ziyan gördüyü əks olunub.

 

“Yediot Ahronot” qəzetinin yerli mənbələrə istinadən verdiyi xəbərə görə, raketin yaşayış sahəsindəki avtodayanacağa düşməsi nəticəsində ərazidə böyük bir çuxur yaranıb və çoxlu sayda maşın yanıb.

 

“Haaretz” qəzetinin ordu mənbələrinə əsaslanaraq verdiyi xəbərdə bildirilir ki, hava hücumundan müdafiə sistemləri İrandan atılan raketi zərərsizləşdirə bilməyib və hadisə ilə bağlı araşdırma başladılıb.

 

İsrailin təcili yardım xidməti ilkin məlumatlara əsasən bildirib ki, raket zərbəsi nəticəsində 6 nəfər yüngül xəsarət alıb.

 

Sosial mediada raketin dəydiyi yerdə yanğın baş verdiyi və göyə qara tüstülərin qalxdığı görüntülər yayılıb.

 

İran mediasının məlumatına görə, İsrail gecə saatlarında Tehran, Gilan, Gülüstan və Şərqi Azərbaycan əyalətlərinə hücum edib. Gecənin ilk saatlarında hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü Tehran şəhərinin şərqində 3 partlayış baş verib. Şərqi Azərbaycanın Bostanabad bölgəsindəki hərbi birliyə edilən hücum nəticəsində İnqilab Keşikçiləri Korpusuna bağlı 3 əsgər həlak olub. Gülüstan əyalətinin Gürgan şəhərində İsrail hücumlarına hava hücumundan müdafiə sistemləri cavab verib. Gilan əyalətinə bağlı Rəşt şəhərinin sənaye bölgəsində isə 4 partlayış qeydə alınıb.

 

Haberler.com

Aygün Babayeva