Avropa ölkəsi müharibədə İranın tərəfində mövqe tutub

Bölmə: Dünya › ,
Tarix: 20:52 20.06.2025

 

Yaxın Şərqdə davam edən müharibə ilə bağlı Avropa ölkəsi Xorvatiyadan diqqətçəkən açıqlama gəlib. Xorvatiya Prezidenti Zoran Milanoviç İsrailin hazırkı rəhbərliyini sərt şəkildə tənqid edərək, “İsrail hazırda bir cinayətkar dəstə tərəfindən idarə olunur və bu dəstə dünyanı müharibəyə sürükləmək istəyir",– deyə bildirib.

 

Prezident Milanoviç İsraillə bağlı fikirlərinin Xorvatiya hökumətinin mövqeyindən fərqli olduğunu vurğulayaraq, “İsrail hazırda bir cinayətkar dəstə tərəfindən idarə olunur və bu dəstə dünyanı müharibəyə sürükləmək istəyir. Təəssüf ki, bunu edərkən Vaşinqtonun dəstəyinə arxalanır. Bəziləri qlobal qarşıdurma yaratmaq istəyir. Bunu zorakılıqla, hiyləgərliklə və ABŞ silahları ilə edirlər", – deyə qeyd edib. Milanoviç əlavə edib ki, Xorvatiya Fələstin dövlətini tanımalıdır.

 

İsrailin yürütdüyü siyasətlə bağlı açıq danışmağın vacibliyini vurğulayan Milanoviç bildirib: “Çünki 100 il əvvəl baş vermiş Holokostun məsuliyyəti nə mənə, nə də bugünkü Xorvatiya siyasətində olan heç kimə aid deyil. Yəni hər hansı bir aşağılıq kompleksi və ya tarixə dair bir günahkarlıq hissi ilə danışmağımıza ehtiyac yoxdur. Cinayətkarlar layiq olduqları adlarla anılmalıdır və İsrailin mövcud rəhbərliyindəki bəzi şəxslər cinayətkardır".

 

İsrailin hücumlarında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıri və İnqilab Keşikçiləri Korpusunun komandanı Səlami də daxil olmaqla azı 227 nəfərin öldüyü bildirilib. İran isə pilotsuz uçuş aparatları (PUA) ilə yanaşı, yüzlərlə ballistik və hipersəs raketi ilə cavab zərbələri endirərək Tel-Əviv, Qüds və Hayfanı hədəfə alıb. İsrailin hava hücumundan müdafiə sistemlərini keçən İran raketləri nəticəsində azı 25 nəfər həyatını itirib. Yaralıların sayının isə 500-ü keçdiyi açıqlanıb.

 

Haberler.com

Aygün Babayeva