Kreml-ABŞ ilə məsləhətləşmələrin təxirə salınması dramatik deyil

Tarix: 21:27 20.06.2025
Kreml ikitərəfli münasibətlərdəki qıcıqlandırıcı məsələləri aradan qaldırmaq üçün Rusiya və ABŞ arasında məsləhətləşmələrin təxirə salınmasını dramatikləşdirmir.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Kreml ABŞ-də danışıqlara diplomatik oyun kimi baxır və aparılan danışıqlar daha çox vaxt qazanmağa hesablanıb.
"Rusiya və ABŞ arasında keçirilən danışıqların növbəti raundunun təxirə salınması bir sıra səbəblərlə bağlıdır. Söhbət ikitərəfli diplomatik münasibətlərdəki “narazılıq doğuran amillərin aradan qaldırılması” ilə bağlı növbəti məsləhətləşmə raundundan gedir. Məsələ burasındadır ki, keçən dövr ərzində tərəflərin narazılıq doğuran məsələlərə baxışları və bu istiqamətdə mövqeləri hələ ki, dəyişməz olaraq qalır. Kreml ABŞ də danışıqlara diplomatik oyun kimi baxır və aparılan danışıqlar daha çox vaxt qazanmağa hesablanıb. ABŞ- də bunu hiss etməyə başlayıb və real nəticələr əldə olunması üçün təkid edir. Bu baxımdan görüşün təxirə salınmasını Rusiya tərəfə verilmiş mesaj kimi də qəbul etmək olar. Rusiya Ukrayna ilə danışıqlarda ABŞ-nin kənara çəkilməsini istəmir. Çünki bu hal Tramp adminstrasiyasının indiyə qədərki mövqeyi səbəbilə daha çox Ukraynaya sərf edir. ABŞ-nin prosseslərdən kənarda dayanması Avropa İttifaqını bu istiqamətdə daha fəal rol almağa sövq edə bilər ki, bu da Rusiyanın marağında deyil. ABŞ-nin, Qərbin Ukrayna siyasətində bir sıra hallarda tormozlayacı rol oynaması Rusiyaya tamamilə sərf edir. Odur ki, indi danışıqların növbəti raundunun təxirə salınması Rusiyanı narahat etməyə bilməz. Rusiya tərəfi bunu hər nə qədər dramatikləşdirməyini desə də əslində bu vəziyyət Rusiya üçün arzu olunan deyil.
Görüşün təxirə salınmasının digər səbəbi isə sözsüz ki, İsrail-İran qarşıdurması ilə bağlıdır. ABŞ adminstrasiyası indi diqqətini tamamilə Yaxın Şərqə doğru yönəldib. Düzdür, Birləşmiş Ştatlar Ukraynada baş verənləri izləməyə davam edəcək, lakin o qədər də aktiv rejimdə deyil, çünki indi İranla bağlı məsələ Ağ ev üçün daha prioritet məsələdir".
Səmayə Səftərova