Regionda yeni geosiyasi reallıqlar

Tarix: 21:53 20.06.2025
İran-İsrail müharibəsinin fonunda bölgədə yeni geosiyasi reallıqlar formalaşır. “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində hazırlanan süjetə əsasən, İranın regional təsir imkanlarının zəifləməsi Azərbaycanın Zəngəzur üzərində nəzarət imkanlarını artırır.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, əlbəttə ki, Zəngəzur dəhlizinin ələ keçirilməsinə başlıca əngəllərdən biri də İran idi. İran oranı "qırmızı xətt" elan edib:
"Ancaq İranda hakimiyyət dəyişdikdə, Məsud Pezeşkiyanla Prezident İlham Əliyev arasında şəxsi münasibətlər formalaşdıca bu ritorika zəifləyib. Buna baxmayaraq, hələ də Zəngəzur dəhlizi layihəsi həyata keçməyib. İranın zəifləməsi ilə bu layihənin həyata keçirilməsi daha da sürətlənə bilər. Çünki Ermənistan uduzmuş bir tərəf olaraq, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına əngəl olacaq bir ünsür deyil. İran kimi bir faktor ortadan qaldırıldıqdan sonra Zəngəzur dəhlizi layihəsi avtomatik olaraq, Azərbaycan və Türkiyənin iştirakı ilə həyat keçiriləcəkdir.
Rusiyanın Ukrayna ilə, İranın İsraillə müharibəsini nəzərə alsaq, ortaya yeni güc olaraq, Türkiyə çıxır. Türkiyə-Azərbaycan birliyi Qafqaz bölgəsində yeni siyasi düzən formalaşdıracaq. Bu siyasi düzən həm Rusiyanın, həm İranın razılaşması məcburiyyətində qaldığı bir düzən olacaq. Belə olduğu təqdirdə nəinki, Zəngəzur dəhlizi, hətta uzun illərdən bəri həyata keçirilə bilməyən boru xətləri, Türkmənistandan, Qazaxıstandan dünya bazarlarına enerji daşıyıcıları, eləcə də Orta Asiya dövlətlərinin müxtəlif mal və xidmətlərinin dünya bazarlarına açılması Azərbaycan və Türkiyənin Qafqaza sahib olmasından sonra daha rahat həyata keçiriləcək. Cənubi Azərbaycanlıların miqrasiyası Ermənistanın bir sınağı ola bilər. Çünki, uzun müddətdən bəri azərbaycanlıların da arasında olduğu çox sayda İran vətəndaşı Ermənistana turist kimi gəlib-gedib, pul xərcləyiblər və ermənilər bunun üçün çox şaddırlar. İllər boyunca, Ermənistan İrana arxalanıb, İranı siyasi bir qüvvə kimi qəbul edib. Öz mənfur əməllərini İranın köməkliyi ilə həyata keçirib. Həm İrandan gələn qaçqınlar, həm o qaçqınların Ermənistan ictimaiyyətinə inteqrasiya olunması, ermənilərin onlara münasibəti erməniləri bir sınağa çəkmiş olacaq. Deyə bilərəm ki, 90% ehtimalla ermənilər bu sınaqdan çıxa bilməyəcəklər. Çünki monoetnik bir dövlət olan Ermənistan öz torpaqlarında başqa millətlərin olmasına qətiyyətlə qarşı çıxır. Ələxsus da ki, bunlar İran vətəndaşı olsalar da, türk kökənli Azərbaycanlılardır. Bu halda İran, əlbəttə, buna qarşı çıxacaq və bütün dünya yenə də İranın humanitar məsələlərdə nə qədər cavabdeh olmadığının şahidi olacaq".
Billurə Quliyeva