Yunanıstan sahillərində 600-dən çox miqrant xilas edilib

Bölmə: Dünya › ,
Tarix: 21:59 20.06.2025

Yunanıstan sahillərində iki balıqçı qayığında çətin vəziyyətdə qalan 600-dən çox miqrant xilas edilib. Yunanıstan Sahil Mühafizəsi məlumat verib ki, ilk qayıqda 352 nəfər olub və bu qayıq Qavdos adasından 55 km cənubda aşkar edilib. Onların xilasına Frontex, sahil mühafizə patrul qayıqları və digər gəmilər cəlb olunub.

 

İkinci qayığın isə 278 sərnişini olub və o, Kritin 90 km cənubunda tapılıb. Miqrantlar Portuqaliya bayrağı altında üzən bir yük gəmisinə köçürülüb və hər iki qayıqdakı insanlar Krit adasına aparılıb.

 

Bundan əlavə, eyni ərazidə daha iki qayığın aşkarlandığı bildirilib. Onlardan birində 73 kişi, digərində isə 26 nəfər, o cümlədən bir qadın və üç uşaq olub. Məlumata görə, sərnişinlər bu təhlükəli səfər üçün insan alverçilərinə 4 min avro ödəyiblər.

 

İki Sudanlı yeniyetmə (16 və 19 yaşlarında) insan qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb. Yunanıstan BMT-nin məlumatına əsasən 2024-cü ildə 60 min miqrant qəbul edib. 2025-ci ilin ortalarınadək bu rəqəm artıq 16 mini keçib. Artan təhlükəsizlik tədbirləri səbəbilə qaçaqmalçılar daha uzun və riskli Şimali Afrika marşrutlarına üstünlük verirlər.

 

Evronews
Billurə Quliyeva