"Avstraliyanın Tehrandakı səfirliyini bağlamasında qeyri-adi heç nə yoxdur”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:23 20.06.2025

İranda təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi səbəbindən Avstraliya Tehrandakı səfirliyini müvəqqəti bağlamaq və diplomatik işçilərini evakuasiya etmək qərarına gəlib.

Bu haqda Avstraliyanın Xarici İşlər naziri Penni Vonq bildirib.

Avstraliya Xarici İşlər Nazirliyinin saytında verilən açıqlamaya görə, səfirliyin bütün əməkdaşları və onların ailə üzvləri ölkəni tərk edəcək. Yeganə istisna, hökumətin böhrana reaksiyasını koordinasiya etmək üçün regionda qalacaq səfirdir.

İranı tərk edən Avstraliya vətəndaşlarına kömək etmək üçün Azərbaycana konsulluq əməkdaşları ezam olunub.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Avstraliyanın Tehrandakı səfirliyini müvəqqəti bağlamasında qeyri-adi heç nə yoxdur:

 

“Diplomatik missiyanın fəaliyyətini dayandırması adətən bir neçə səbəbdən baş verir: müharibə, rejim dəyişikliyi, daxili qarşıdurma və ya diplomatik böhran. Avstraliyanın bu addımı da İran-İsrail gərginliyi ilə bağlıdır. Görünür, təhlükəsizlik durumu Avstraliyanı belə bir addım atmağa vadar edir. Səfirliyin bağlanması əlaqələrin tamamilə kəsilməsi anlamına gəlmir. Əslində hər bir məsuliyyətli ölkə kimi bu addım Avstraliyanın öz vətəndaşlarının təhlükəsizliyinə verdiyi prioriteti ortaya qoyur. Belə addımlar ümumiyyətlə nadir hallarda atılır. Atıldığı zaman, beynəlxalq ictimaiyyət üçün həm də xəbərdarlıq rolunu oynayır: həmin ölkəyə səfər, orada qalmaq və ya diplomatik əlaqə qurmaq ciddi risk daşıyır.

Avstraliyanın konsulluq əməkdaşlarını məhz Azərbaycana ezam etməsində təəccüblü heç nə yoxdur. Əsas səbəb coğrafi yaxınlıqdır. Azərbaycan İranla sərhəddə yerləşir. Ölkəmiz digər ölkələr ilə müqayisədə daha sabit təhlükəsizdir. Bundan başqa logistik cəhətdən də ən uyğun alternativ Azərbaycandır”.

 

Nuray Əliyeva