“Biz tənəzzülün astanasındayıq” - iqtisadi böhranla bağlı sərt müzakirə

Tarix: 18:17 25.04.2025
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) bu il də diqqətçəkən çıxışlarla yadda qalıb. Forumun əsas diqqət mərkəzində Rusiyanın iqtisadi vəziyyəti ilə bağlı yüksək çinli rəsmilər və dövlət banklarının rəhbərləri arasında gedən sərt mübahisələr dayanıb. İqtisadi inkişaf naziri Maksim Reşetnikovun bədbin proqnozu isə xüsusi rezonans doğurub.
Nazirin sözlərinə görə, hazırda rəsmi statistikada müəyyən artım qeydə alınsa da, real sektorda vəziyyət fərqlidir və ölkə artıq tənəzzülün bir addımlığındadır.
Bu açıqlama hökumətin digər nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Maliyyə naziri Anton Siluanov iqtisadiyyatda tənəzzül yox, sadəcə “soyuma” müşahidə olunduğunu deyib və əlavə edib ki, “yay həmişə soyuqdan sonra gəlir”. Rusiya Bankının rəhbəri Elvira Nabiullina isə iqtisadi dinamikanı “həddən artıq istiləşmədən çıxış” kimi qiymətləndirib. Onun sözlərinə görə, son illər Rusiya iqtisadiyyatı əsasən tələb əsasında inkişaf edib və təklif tərəfi bu sürətə cavab verə bilməyib.
Dövlət bankları da bu məsələyə münasibət bildirib. VTB rəhbəri Andrey Kostin tənəzzül anlayışını qəbul etmədiyini, amma “buzlanma, donma, soyutma” proseslərinin getdiyini qeyd edib. O, həmçinin əlavə edib ki, şirkətlər çətinliklərdən şikayətlənir və kreditlərin baha olması vəziyyəti daha da ağırlaşdırır.
Statistika isə bu narahatlıqları təsdiqləyir. 2025-ci ilin birinci rübündə ÜDM illik müqayisədə 1,4% artsa da, 2024-cü ilin son rübündə artım 4,5% idi. Mülki sənaye sektorunda isə ayda orta hesabla 0,8% azalma qeydə alınıb. Hökumətə yaxın olan Makro İqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi bu göstəricilərə əsaslanaraq artıq tənəzzülə keçid ehtimalının ciddi şəkildə artdığını bəyan edib.
Forum çərçivəsində ən çox müzakirə olunan məsələlərdən biri də milli valyutanın məzənnəsi ilə bağlı idi. “Sberbank” rəhbəri German Qref hazırkı 78–79 rubl səviyyəsində olan dollar məzənnəsini real tarazlıqdan uzaq hesab etdiyini deyib. Onun fikrincə, iqtisadiyyatda sabitlik üçün ideal səviyyə dollar üçün “100 plus” rubl olmalıdır. Qref bu situasiyanı “mükəmməl fırtına” yəni bir çox əlverişsiz amillərin eyni vaxtda toqquşması kimi dəyərləndirib.
Mərkəzi Bankın Pul Siyasəti Departamentinin direktoru Andrey Qanqan isə bu fikirlərə cavab olaraq bildirib ki, indiki məzənnə valyuta bazarında təklif və tələbin təbii nəticəsidir və məhz bu səbəbdən rublun indiki səviyyəsi tarazlıq məzənnəsi hesab olunur.
Qref və Kostin həmçinin yüksək faiz dərəcələrindən şikayətləniblər. Onların fikrincə, Mərkəzi Bankın 20%-lik əsas dərəcəsi müəssisələr üçün böyük maliyyə yükü yaradır. Şirkətlər kreditlərə çıxışda çətinlik çəkir, pul axını zəifləyir və nəticədə iqtisadi dövriyyə daralır. Bu vəziyyət, sağlam kontragentlərə də mənfi təsir göstərir və bütövlükdə real sektorda təzyiqi artırır.
Proqnozlar isə bir-birindən fərqlidir. VTB analitikləri 2025-ci ildə iqtisadi artımın 1,5% olacağını gözləyir. İqtisadi İnkişaf Nazirliyi isə daha optimist mövqe sərgiləyərək bu rəqəmi 2,5% olaraq açıqlayıb. Mərkəzi Bank isə artımı 1–2% diapazonunda proqnozlaşdırır.
Forumda səslənən fikirlər, ekspert dəyərləndirmələri və statistik göstəricilər onu deməyə əsas verir ki, Rusiya iqtisadiyyatı həqiqətən də kritik döngədədir. Tərəflər terminlərdə fərqli mövqelər sərgiləsə də soyuma, istiləşmə, donma və ya tənəzzül əsas məqam ondan ibarətdir ki, ölkə iqtisadiyyatı yeni və daha ağır sınaqlara doğru gedir.
Nərmin Kazım