İnsan alveri ilə mübarizəyə həsr olunmuş beynəlxalq onlayn görüş keçirilib

Bölmə: Sosial › ,
Tarix: 23:31 29.07.2025

29 iyul tarixində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşkilatçılığı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və Çexiya ilə Polşada fəaliyyət göstərən azərbaycanlı diaspora liderlərinin iştirakı ilə onlayn görüş keçirilib.

Zoom platforması üzərindən baş tutan bu tədbir 30 iyul – İnsan Alveri ilə Beynəlxalq Mübarizə Gününə həsr olunub.
Görüşdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova, Çexiyada yaşayan diaspora nümayəndəsi Fərid Əmirəliyev, Polşadan Seadət Şamilli və Leyla Beyim Cəfərova, həmçinin Koalisiyanın digər üzvləri iştirak ediblər.
Tədbirdə insan alveri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, miqrasiya riski ilə üzləşən vətəndaşların müdafiəsi, xaricdə yaşayan soydaşlarımızın bu mövzuda maarifləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi müzakirə olunub.
Çıxış edənlər insan alverinə qarşı mübarizənin təkcə hüquq-mühafizə orqanlarının deyil, həm də ictimai təşkilatlar və diaspora strukturlarının birgə əməkdaşlığı ilə daha səmərəli həyata keçirilə biləcəyini vurğulayıblar. Görüşün sonunda iştirakçılar bu kimi dialoqların davamlılığının əhəmiyyətini qeyd edərək gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.