Rusiya bir gecədə bu qədər PUA vurub

Tarix: 22:34 09.07.2025
Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə ölkə üzərində Ukraynanın 86 ədəd PUA-sını vurub.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Məlumata görə, Kurskda 23, Bryanskda 16, Tulada 15, Belqorodda və Oryolda 12, Moskvada 6, Smolenskdə 2, Voronej və Ryazan vilayəti ərazisi üzərində isə 1 ədəd PUA vurulub.
Mövzu ilə bağlı hərbi ekspert Heydər Mirzə “İnformator.az”a açıqlamasında bildirib ki, ilk olaraq bunu deyim ki, bu rekord rəqəm deyil:
“Bu rəqəm, məsələn, bu ilin fevral ayında iki dəfə ard-arda – iki gecə ya da üç gecə ard-arda – Rusiya tərəfi tərəfindən istifadə olunan dronların sayı ilə müqayisədə o qədər də yüksək deyil. O vaxt 100-dən artıq, hətta 200-ə yaxın dronun istifadəsi ilə bağlı rəqəmlər olub.
Bu statistika niyə aparılır?
Çünki hər iki tərəf – həm Rusiya, həm də Ukrayna – bir gecə ərzində qarşı tərəfə neçə dron göndərdiyini dəqiq şəkildə qeydə alır. Bu, uçot məqsədilə aparılır.Yəni bu rəqəmlər cüzi fərqlərlə qeyri-dəqiq ola bilər, amma ümumilikdə reallığı əks etdirir.
Sözüm ondadır ki, bu göstərdiyiniz rəqəmlər o qədər də dəhşətli deyil – bundan da dəhşətli rəqəmlər olub”.
Jurnalist Heydər Mirzə qeyd edir ki,Cənubi Qafqaz regionu üçün bu, heç bir təhlükə kəsb etmir:
“O ki qaldı özlərinin regionuna – yəni Şərqi Avropaya – orada Ukrayna dronlarının yaratdığı təhlükə ilə Rusiya dronlarının və raketlərinin yaratdığı təhlükə eyni səviyyədədir.
Azərbaycana gəldikdə isə, biz bunun təsirini necə gördük?
Şimali Qafqazda bizim bir təyyarəmiz vurulub.
Yəni, bilavasitə bizə aidiyyəti yoxdur, amma qonşu regionda – nəqliyyat və kommunikasiya sahələrində – təhlükə yaranıb. Aviasiya və sərnişin daşımalarında insanlar həlak olub.
Bugünə qədər də bu hadisənin araşdırılması gedir.Bu cür təsirlər olur.Amma mən bunu birbaşa Ukrayna dronlarının təhlükəsi kimi qiymətləndirməzdim.Bu, ümumilikdə gedən müharibənin yaratdığı təhlükədir.Və onu da qeyd etmək lazımdır ki, bu müharibəyə Ukrayna başlamayıb”.
Heydər Mirzə son olaraq açıqlamasında bildirib ki, dron və pilotsuz uçuş aparatlarının hərb tarixində diqqət mərkəzinə gəlməsi ilk dəfə sistemli şəkildə 44 günlük Vətən müharibəsində baş verib:
“İndi 44 günlük Vətən müharibəsi Ukrayna müharibəsinin kölgəsində qalıb.Əlbəttə, burada uzunluq da rol oynayır – Ukrayna müharibəsi neçə ildir gedir, amma Vətən müharibəsi cəmi 44 gün davam edib. Həmin gündən bu günə qədər texnologiyada da çox dəyişikliklər olub.Amma ilk olaraq bunu biz 44 günlük Vətən müharibəsində gördük.Hazırda Ukraynada gedən müharibə ilə bağlı mülahizələr, ideyalar, texnologiyaların təkamülü, texniki inkişaf və s. məsələlərdə ən çox müzakirə olunan mövzulardan biri dronlar və pilotsuz uçuş aparatlarıdır.
Bu da necə baş verir?
Müharibə davam etdikcə hər gün yeni nəsə icad olunur.Çünki praktiki olaraq döyüş meydanında yığılan təcrübə çox operativ şəkildə reallaşır – nəyinsə dəyişməsinə, təkmilləşdirilməsinə, istehsalına səbəb olur.Hətta deyərdim ki, müharibənin ilk aylarında uğurla istifadə olunan bir çox dron və silahlar indi artıq əvvəlki qədər effektiv deyil.Çünki hər iki tərəf onlara qarşı effektiv müdafiə vasitələri ortaya qoyub.Yəni bu, daim dəyişən bir prosesdir.Hətta deyərdim ki, hər həftə yeni bir şey ortaya çıxır.
Ukraynalıların və rusların teleqram kanallarını izləsəniz, görərsiniz ki, hərbi texnika – məsələn, tankların təhlükəsizliyi, dronlarla bağlı müzakirələr – çox geniş şəkildə gedir.
Məsələn, tankların qülləsinin üzərinə “setka” tipli qurğular yerləşdirilir ki, dron onun yuxarı hissəsini vura bilməsin və s.
Bu, kiçik bir mövzu kimi görünsə də – yəni tankın qülləsinin təhlükəsizliyi – bu barədə bəlkə də 100 səhifəlik onlayn diskussiya aparmaq olar”.
Ləman Mahmudlu