İsrailin Qəzzada məktəbə endirdiyi zərbədən 6 nəfər həlak olub

Tarix: 18:30 11.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında, Cəbalya bölgəsində yerləşən Xəlimə əs-Sədiyyə adına məktəbə hava zərbəsi endirib. Məktəbdə məcburi köçkün olmuş dinc sakinlər yerləşdirilmişdi. Yerli mənbələrin məlumatına görə, hücum nəticəsində aralarında uşaqların da olduğu altı fələstinli həyatını itirib.
“Anadolu” agentliyinin xəbərinə görə, xəstəxana mənbələri bildiriblər ki, xəstəxanaya altı nəfərin cəsədi və aralarında qadın və uşaqların da olduğu onlarla yaralı çatdırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, məktəbdə minlərlə qaçqın məskunlaşmışdı və hücum çoxsaylı itkilərə səbəb olub.
2023-cü il oktyabrın 7-dən bəri İsrail Qəzza zolağında genişmiqyaslı hücumlar həyata keçirir. Bu hücumlar mülki infrastrukturun dağıdılması, əhalinin zorla köçürülməsi, blokada, aclıq və kütləvi qırğınlarla müşayiət olunur. BMT-nin Beynəlxalq Ədalət Məhkəsinin zorakılığın dayandırılması ilə bağlı çağırış və qərarlarına baxmayaraq, İsrail bu çağırışları nəzərə almır.
ABŞ-nin dəstəyi ilə davam edən bu münaqişə nəticəsində təxminən 195 min fələstinli həlak olub və ya yaralanıb. Onların əksəriyyəti qadın və uşaqlardır. On minlərlə insan itkin düşüb, yüz minlərlə insan evsiz qalıb. Qəzza bölgəsində aclıq hökm sürür və bu aclıq çox sayda uşağın həyatına son qoyub.
Anadolu Agency
Ayan Əsgərova